“Azərbaycanın xarici siyasətdəki növbəti uğurunu layiqincə qiymətləndirməliyik”

“Azərbaycanın xarici siyasətdəki növbəti uğurunu layiqincə qiymətləndirməliyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyənatı Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal faktını bir daha təsdiq edən mühüm beynəlxalq sənəddir, eyni zamanda ciddi siyasi çəkisi olan beynəlxalq mövqeyin növbəti nümayişidir”.

 

DiasporPress.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkili bildirib ki, “sənədin əhəmiyyətini xüsusi edən həm də odur ki, bu bəyənatı Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi də qeyd-şərhsiz imzalayıb. Bu çox nadir hallardan biridir. Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zavko, Avropa İttifaqı və cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəftaşlıq Komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurandla yanaşı, Ermənistan üzrə daimi məruzəçi Troyan Basesku tərəfindən də sərgilənən yekdil mövqe Beynəlxalq hüququn və haqqın Azərbaycan tərəfində olduğunu bir daha nümayiş etdirdi. Birmənalı şəkildə qeyd edə bilərik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını dəstəkləyir. BMT TŞ-nin qətnamələri ilə yanaşı Avropa Parlamenti nümayəndələrinin sonuncu bu bəyənatı və indiyədək Beynəlxalq səviyyədə qəbul edilmiş digər normativ sənədlər onun göstəricisidir ki, sivil dünya Ermənistanı yalnız işğalçı qismində tanımaqdadır və bu mənada beynəlxalq mövqe dəyişməz olaraq qalır.

Son bəyənat həm də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri ilə ilk ictimai debatında sərgilədiyi qətiyyətli və arqumentli mövqeyinin məntiqi nəticəsi və dəvamıdır, bütövlükdə Prezidentimizin rəhbərliyi altında yürüdülən xarici siyasətimizin növbəti uğurudur”.

Daha sonra millət vəkili bildirib ki, “bu günlər Ermənistanın daxilində siyasi qarşıdurma və təlatümlər də bu kontekstdən baxıldıqda təsadüfi deyil. Baş nazir seçildikdən sonra Paşinyan nə Ermənistanın sosial-iqtisadi vəziyyətində, nə də siyasi səhnəsində heç bir irəliləyişə nail ola bilməyib. Əksinə, siyasi səhnədə müxaliflərə qarşı represiyalar, həbslər, təqiblər beynəlxalq ictimaiyyətin diqqətini çəkəcək səviyyədə artıb. Bütün bunlar vaxtilə guya demokratiya dalğasında hakimiyyətə gəlmiş Paşinyanın siyasi imicini ciddi şəkildə zədələməkdə, “Qərbpərəst” obrazını iflasa uğratmaqdadır.

Rusiya ilə münasibətlərdə apardığı ikibaşlı oyun, qeyri-səmimi davranışlar şimal qonşumuzun da qıcığını zaman keçdikcə daha da artırır. Müşahidə etdiyimiz bu siyasi səhnə Ermənistanda hakimiyyət böhranının getdikcə daha da dərinləşəcəyinin anonsudur. Ermənistanda bir gün ərzində üç güc nazirinin – Polis rəisi Arman Sarkisyanın, baş gərargah rəisi Artak Davtyanın və Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyanın istefaları dediyim gələcək perspektivin ilk simptomlarıdır. Ermənistan Parlamentindəki ikinci ən böyük siyasi qüvvənin – “çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qaqik Tsarukyana qarşı cinayət işlərinin açılması, 250 nəfərədək tərəfdaşının həbsi Ermənistanda hakimiyyət böhranının dərinləşməkdə olduğunun göstəricisidir.

 

Vəziyyəti ağırlaşdıran mühüm faktorlardan biri də pandemiya dövründə Paşinyan hakimiyyətinin yarıtmazlığı, virusa yoluxmanın kütləviləşib Paşinyanın öz dili ilə desək , ” Ermənistanı cəhənnəm həddinə çatdırması”, Ermənistan səhiyyə sisteminin iflasa uğraması bir tərəfdən hakimiyyət içində mərkəzdənqaçma meyillərinin artmasını, digər tərəfdən isə Ermənistan cəmiyyətində hakimiyyətdən narazılığın güclənməsini şərtləndirir”. İş o yerə çatıb ki, Ermənistan baş nazirinin müavini Mger Qriqoryan erməni mətbuatına verdiyi açıqlamasında etiraf edir ki, koronavirus pandemiyası davam edərsə, onsuz da yaxşı vəziyyətdə olmayan Ermənistan iqtisadiyyatının tənəzzülü qaçılmaz olacaq. Odur ki, Paşinyanı qarşıda hələ çox “sürprizlər” gözləyir”.

 

DiasporPress.az