Mədəniyyətlərin qovuşduğu möhtəşəm qala gecəsində, Hindistan səfirliyi Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə fevralın 10-da Bakıdakı Muğam Mərkəzində – Hindistanın üç cənub əyaləti- Andhra Pradeş, Tamil Nadu və Telenqana ştatlarının mədəni zənginliyini və turizm potensialını nümayiş etdirmək məqsədilə möhtəşəm tədbir keçirib.
Diasporpress.az xəbər verir ki, səfir Sridharan Madhusudhanan açılış nitqi ilə çıxış edərək tədbirin təşkilində göstərdiyi mühüm dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə minnətdarlığını bildirib. O, Hindistan və Azərbaycan arasında mövcud olan dərin mədəni əlaqələri vurğulayaraq, daha sonra Tamil Nadu, Andhra Pradeş və Telanqananın mədəni müxtəlifliyindən danışıb. O, həmçinin ötən il Bakıda Səfirliyin Racastan və Kerala ştatları ilə bağlı keçirdiyi tədbirləri xatırladıb.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Hindistan və Azərbaycan arasında ortaq musiqi və mədəniyyət ənənələrinə toxunaraq, Hindistan səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, belə tədbirlərin iki xalq arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Gecə, Rəşad İbrahimov, Çinarə Məlikova, Təbriz Yusubov, Rafael Əsgərov, Amil Mustafayev, Vasif Yusifli və Vəfa Vəzirova başda olmaqla yerli incəsənət xadimlərinin tədbirə melodik məzmun qatan Azərbaycan muğam musiqisinin füsunkar ifaları ilə başlayıb. Nail Qəhrəmanovun, Oskar mükafatına layiq görülmüş “Natu Natu” mahnısının sədaları altında rəqs ifası tamaşaçıları valeh edib. Babu Sahib “Channi Thampi” filmindəki mahnısı ilə Tamil Nadunu təmsil edib. Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin tələbəsi Aparna Dineş “RA- RA” mahnısıın sədaları altında ifa etdiyi rəqsi ilə tamaşaçıları heyran edib. Səidə Əliyeva “Aigiri Nandini” mahnısına gözəl klassik rəqs ifa edib. Azərbaycanlı rəqs ifaçıları Zeynəb, Aylin, Nesrin və Məryəmin rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə izlənib.
Turizmi təşviq etmək məqsədilə cənab Mahadevan və Dr. Rajani Çandra tərəfindən Tamil Nadu, Andhra Pradeş və Telanqananın turistik yerləri haqqında təqdimatlar edildi. Onlar, potensial səyahətçilər üçün ştatların unikal təkliflərini nümayiş etdirərək səyahətlə bağlı əsas təfərrüatları qeyd ediblər.
Mədəniyyət və turizmlə bağlı çıxışlardan sonra səfir Sridharan Madhusudhanan, Beynəlxalq Muğam Mərkəzinin direktoru cənab Sahib Paşazadə və Azərbaycan İncəsənət Şurasının direktoru cənab Dadaş Məmmədov foyedə 10 azərbaycanlı rəssamın hind mövzularından ilhamlandığı əsərlərindən ibarət rəsm sərgisinin açılışını ediblər.
Tədbirdə, Hindistanın Azərbaycandakı dostları, tanınmış tur operatorlar, mətbuat nümayəndələri, hind diasporunun üzvləri də daxil olmaqla çoxlu sayda iştirakçı iştirak edib. Tədbir orijinal hind ziyafəti ilə yekunlaşıb və qonaqlar Hindistanın zəngin mədəni və qastronomik irsi haqqında qalıcı təəssürat yaradacaq Tamil Nadu, Andhra Pradeş və Telaqananın kulinariya ləzzətlərinin dadına baxıb.