Cəmiyyət

Bakıda Dünya Ahıska Türkləri Birliyinin 5-ci Qurultayı keçirildi – FOTOLAR

Bakıda Dünya Ahıska Türkləri Birliyinin 5-ci Qurultayı keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Ahıska Türkləri Birliyi (DATÜB), 5-ci Qurultayını Azərbaycanın paytaxtı Bakı şəhərində geniş iştirakla həyata keçirdi. Qurultaya 9 ölkədən 70 nümayəndə və 230 qonaq qatıldı. Ahıska Türk cəmiyyətinin gələcəyini formalaşdıracaq qərarların alındığı bu tarixi tədbirdə birlik, həmrəylik və ortaq məqsədlər ön plana çıxdı. Qurultayın, Ahıska Türklərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha nümayiş etdirmək məqsədi ilə Bakı şəhərində keçirilməsi vacib hesab edilmişdir.

Qurultayda Azərbaycan və Türkiyə hökumətinin rəsmiləri, 9 ölkədə fəaliyyət göstərən Ahıska Türklərinə aid qurumların təmsilçiləri, media nümayəndələri və çoxsaylı DATÜB üzvləri iştirak etdi. Tədbirin açılışında vətən uğrunda canlarını fəda edən şəhidlər anıldı. Azərbaycan və Türkiyənin milli marşları səsləndirildi.

Ziyatdin Kassanov yenidən DATÜB Sədri Seçildi

Toplantının əsas məqamlarından biri də DATÜB sədrinin seçilməsidir. Yığıncaq sonunda Ziyatdin Kassanov yekdilliklə təşkilatın yeni sədri olaraq seçildi. Kassanov öz çıxışında Ahıska Türklərinin yaşadıqları ölkələrdəki vəziyyətinə toxunaraq, xüsusilə Azərbaycan və Türkiyənin bu xalqın problemlərinə verdiyi dəstəyi vurğuladı. O, həmçinin Azərbaycan dövlətinin 2-ci Qarabağ Müharibəsindəki zəfərinin bütün Ahıska türkləri üçün böyük bir qürur mənbəyi olduğunu qeyd etdi.

Ahıska Türkləri hər zaman Azərbaycanın yanında olmuş və müxtəlif mərhələlərdə həm maddi, həm də mənəvi dəstəkləri ilə bu ölkənin mühüm məsələlərində iştirak etmişlər. Xüsusilə, 1-ci və 2-ci Qarabağ müharibələrində Ahıska Türklərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq danılmazdır. 1-ci Qarabağ Müharibəsində 100-ə yaxın şəhid və 1 milli Qəhrəman, 2-ci Qarabağ Müharibəsində isə 9 şəhid və 1 Vətən Müharibəsi qəhrəmanımız vardır. Bu igidlər, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarını fəda edərək, tarixdə silinməz iz buraxmışlar.

Vətənə Dönüş və Ahıska Türklərinin Hüquqları

Kassanov, Ahıska türklərinin 600 min nəfərlik böyük bir türk toplumu olduğunu və 80 min Ahıska Türkünün Azərbaycanın müxtəlif bölgələrində yaşadığını bildirdi. O, Ahıska türklərinin ən əsas hədəfinin “vətənə dönüş” olduğunu vurğuladı. Kassanov, Gürcüstan hökumətindən Ahıska türklərinin öz torpaqlarına qayıtmalarına icazə verilməsini tələb etdi və qeyd etdi ki, Gürcüstan vətəndaşlarının sahib olduğu bütün hüquqlara Ahıska türkləri də sahib olmalıdırlar.

Qurultayda həmçinin Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu da çıxış edərək, Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın salamlarını çatdırdı və Ahıska Türklərinin haqq mücadiləsinə dəstəklərini bir daha bildirdi.

DATÜB-ün Dəstəyi və Ahıska Türklərinin Gələcəyi

Qurultayda Ahıska türklərinin yaşadığı 9 müxtəlif ölkədə qarşılaşdıqları sosial və iqtisadi çətinliklərə diqqət çəkildi. Kassanov DATÜB olaraq, Ahıska türklərinin bu ölkələrdə inkişaf etməsi və onların hüquqlarının qorunması istiqamətində müxtəlif layihələr həyata keçirmək niyyətində olduqlarını qeyd etdi. Bu, Ahıska türklərinin problemlərinə həll yolu tapmaq üçün çox mühüm bir platforma təşkil etdi və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə təkan verdi.

Dünya Ahıska Türkləri Qurultayının Nümayəndələrindən Azərbaycan Prezidentinə Müraciət

Tədbirin sonunda, Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürlərini bildirən rəsmi müraciət ünvanladılar. Müraciətdə Ahıska Türklərinin Azərbaycanla olan möhkəm qardaşlıq bağları, bu bağların tarixi və Prezident İlham Əliyevin rəhbərliyi altında Ahıska Türklərinə göstərilən diqqət və dəstək vurğulanmışdır.

Qurultay nümayəndələri müraciətlərində, Azərbaycan xalqının Ahıska Türklərinə göstərdiyi dəstəyin və qapılarını açmasının 1989-cu ildəki Ferqana hadisələrindən sonra xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Bu böyük dəstək, Ahıska Türklərinin Azərbaycanda təhlükəsiz və sülh içində həyat sürmələrinə imkan yaratmışdır. Müraciətdə həmçinin, mərhum Heydər Əliyevin Ahıska Türklərinə olan xüsusi qayğısı və təhsil sahəsindəki yardımlarının günümüzdə də xatırlandığı qeyd olunmuşdur.

Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri, Azərbaycanın müstəqillik və suverenlik mücadiləsindəki zəfərlərinə öz töhfələrini verdiklərini, 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsində Ahıska Türkləri 100-dən çox şəhid və bir Milli Qəhrəman, ikinci Qarabağ Müharibəsində isə 9 şəhid və 1 Vətən Müharibəsi Qəhrəmanı verib.

Bu fədakarlıq və qardaşlıq ruhu, Ahıska Türkləri ilə Azərbaycan arasında möhkəm əlaqələr yaratmış və iki xalq arasındakı dostluğu daha da gücləndirmişdir. Qurultay nümayəndələri, Azərbaycan xalqı və Prezident İlham Əliyevin Ahıska Türklərinə göstərdiyi qayğıya görə təşəkkürlərini bildirərək, gələcəkdə də iki xalq arasında birliyin daha da gücləndirilməsi üçün əllərindən gələni edəcəklərini ifadə etmişlər.

Müraciətdə, Ahıska Türklərinin hər zaman Azərbaycanla birgə olmağa və bu gözəl və şanlı ölkənin inkişafı üçün fəal iştirak etməyə hazır olduqları bildirilib. Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri, Azərbaycan ilə olan bu dərin qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə olan inamlarını ifadə etmişlər.