Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Bozok Universitetinin dekanı, professor, millət vəkili Kürşad Zorlu ilə işgüzar görüş keçirib.
Diasporpress.az xəbər verir ki, Azərbaycan Türkiyə Evində baş tutan görüşdə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qardaş ölkənin siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsindən söz açıb. Gələcəkdə birgə layihələrin keçirilməsi müzakirə olunub.
Səmimi görüşə görə təşəkkür edən Kürşad Zorlu öncə Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib, millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu edib.
Kürşad Zorlu qeyd edib ki, bu cür işgüzar görüşlər Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Qeyd edək ki, görüşdə Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazgan, “Atatürk” liseyinin direktoru Eylem Gültəkin və “Xalq ” qəzetinin baş redaktoru Əflatun Amaşov da iştirak edib.