Bakıda qadınlar üçün “Qadın Sağlamlığında Fitnesin Əhəmiyyəti” adlı INBA SEMINAR təşkil olunub.
Diasporpress.az xəbər verir ki, seminar Milli Olimpiya Komitəsinin, Milli Antidopinq Agentliyinin, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin, Azərbaycan Autizm Assosiasiyasının, Reform Fitnes Mərkəzinin, Eco Product şirkətinin dəstəyi və INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və GFHC Fitnes Akademiyasının təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, seminarda fitnes sahəsində çalışan məşqçilər, idmançılar və tələbələr, şəhid ailələrinin xanım üzvləri, irsi qan xəstəliyindən əziyyət çəkən, autizimli və daun sindiromlu uşaqların valideyinləri, həmçinin fəxri qonaq qismində Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri Rüfət Əfəndiyev, Təhsil şöbəsinin müdiri Qüdrət Səfərov və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin könüllülərlə iş və təlim şöbəsinin rəhbəri Fidan Məmmədova iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd insanların asudə vaxtlarında idmana cəlb edilməsinin təşviqi olub.
Seminarın təlimçisi INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası Elnur Şıxəliyev qadın sağlamlığının mövcud vəziyyəti, hormonlar və çəki nəzarəti, kardiorespirator təlimlər, müqavimət və elastiklik təlimləri, həmçinin qidalanma təlimatları adlı mövzular haqqında dinləyicilərə ətraflı məlumat verib və sualları cavablandırıb.
Sonra 100 ballıq test sualları ilə iştirakçıların bilik səviyyəsi yoxlanılıb və rəsmi sertifikatlar təqdim olunub.
Qadınlar üçün nəzərdə tutulmuş seminar tam olaraq ödənişsiz həyata keçirilib.