“ESN4Culture: Azerbaijani Culture and Art Festival” layihəsi başa çatıb.
Diasporpress.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İB-nin təşkilatçılığı və Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İB-nin tərəfdaşlığı ilə 29 oktyabr 2023-cü il tarixində Bakı şəhərində “ESN4Culture: Azerbaijani Culture and Art Festival” adlı mədəniyyət və incəsənət festivalı təşkil olunub.
Festivalı giriş sözləri ilə açan Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İB-nin sədri Əli Tağıyev festival iştirakçılarını salamlayıb, sözügedən tədbirin ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmalarına imkan yaradacağını və mədəniyyətlərarası dialoqa təkan verəcəyini bildirib.
Ümumilikdə 200-dən çox əcnəbi tələbənin qatıldığı layihədə milli mədəniyyət və incəsənət nümunələrinin, o cümlədən Azərbaycan kulinariyası, musiqisi, rəqsləri, qədim adət-ənənələrinin tanıdılması istiqamətində sərgilər, guşələr, milli nahar və intellektual oyun təşkil olunub.
Festival zamanı sözügedən layihə çərçivəsində baş tutmuş əcnəbi tələbələr arasında Azərbaycan haqqında intellektual oyunun qaliblərinə sertifikatlar və hədiyyələr təqdim edilib.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Xoreoqrafiya Akadamiyesının tələbə və müəllimlərinin ifasında milli musiqi və rəqslər ilə başa çatıb.