Ölkə

DABF İdarə Heyəti Bakıda toplandı – FOTO

DABF İdarə Heyəti Bakıda toplandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) İdarə Heyətinin iclası keçirilib. “Villa Petroela” adlanan Nobel Qardaşlarının Ev-Muzeyində keçirilən görüşdə DABF İdarə Heyətinin İtaliya, Böyük Britaniya, Slovakiya, Polşa, Ukrayna və İsveçdən olan üzvləri, qonaq qismində isə Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı iştirak edib.

İclasda çıxış edən DABF-ın Baş katibi Hikmət Cavadov ötən müddət ərzində görülən işlərdən danışıb.

Məqsədlərinin Azərbaycan dövləti və dünyada yaşayan azərbaycanlılara xidmət göstərmək olduğunu söyləyən H.Cavadov əlavə edib ki, Fondun əsas vəzifələrindən biri də Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizə qarşı olan həmlələrin qarşısını almaqdan ibarətdir: “Sirr deyil ki, 44 günlük müharibə və 23 saatlıq uğurlu lokal antiterror əməliyyatından sonra ölkəmizə qarşı təhdidlər artıb. Fondda təmsil olanan hər bir diaspor fəalı, iş adamı, elm xadimi yaşadığı ölkədə bu kimi məsələlərə diqqət etməli, prosesi nəzarətdə saxlamalı və cavab tədbiri görməlidir”.

H.Cavadov yarandığı qısa müddət ərzində Fondun Avropada və Bakıda 5 tədbir keçirdiyini qeyd edib. Fondun noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi qazilərinə həsr etdiyi tədbirin böyük rezonansa səbəb olduğunu qeyd edən H.Cavadov təşkilatçılığa görə qurumun Mədəniyyət, təhsil və humanitar komitəsinin sədri Nigar Həsənzadəyə təşəkkürünü bildirib.

S.Rüstəmxanlının da uzun illərdir dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində çalışdığını qeyd edən H.Cavadov bu məsələdə millət vəkilinin tövsiyyələrinə ehtiyac duyduqlarını diqqətə çatdırıb.

İclasda çıxış edən S.Rüstəmxanlı Fondun yaradılması ideyasını alqışlayaraq bu məsələnin son dərəcə ciddi və məsuliyyətli iş olduğunu bildirib: “Fondun İsveçdə qeydiyyatdan keçməsi də çox ciddi işdir. Təəssüf ki, bizdə Avropada, Türkiyədə olduğu kimi Fond ənənəsi yoxdur. Bu Fond ilk növbədə dünyada yaşayan azərbaycanlılara xidmət etməyi bacarmalıdır. Çalışmalısınız ki, xaricdə yaşayan yeni – ikinci-üçüncü nəsl azərbaycanlılarla işləyə biləsiniz. Arzu edirəm ki, Fond kimi ciddi ideya gözdən salınmasın. Biz də əlimizdən nə gəir kömək etməyə hazırıq. Bildiyiniz kimi, 25 ildir DAK-da həm də diaspor işi ilə məşğulam, bu müddətdə insanlarımızın birləşmək həvəsinin zəif olduğunu müşahidə etmişəm. İndi biz DAK-ın genişlənməsini, yeniləşməsini istəyirik”.

S.Rüstəmxanlı bəzi nümunələrlə təcrübəsini bölüşdü, Fond İdarə Heyəti üzvlərinə tövsiyələrini verdi.

DABF-ın həmtəsiçisi Emil Mirzəyev Fondun strukturu, təşkilati işlər və gələcək layihələrdən danışıb: “Vətən müharibəsindəki qələbədən sonra diaspor fəaliyyətimiz şaxələnib. Biz indi daha cəsarətli fəaliyyət göstəririk. Fondun bu istiqamətdə böyük hədəfləri var. Məqsəd Azərbaycana – dövlətimizə xidmət etməkdir. İclasımızın bu binada – Nobel qardaşlarının evində keçirilməsinin də anlamı var. Onlar İsveçdən gəlib Azərbaycanda çalışıblar, biz də Azərbaycandan gedib İsveçdə Fond yaratmışıq”.

E.Mirzəyev Fondun İdman komitəsinə rəhbərlik edəcək Azərbaycanın tanınmış sabiq futbolçusu İqor Ponomaryovun nüfuzundan və təcrübəsindən də istifadə edəcəklərini bildirib: “Düşünürük ki, İqor Ponomaryov gənc futbolçularımızın Avropa klublarında tanıdılmasında və transferində öz təcrübəsindən istifadə edəcək”.
Görüşdə Fondun Mədəniyyət, təhsil və humanitar komitəsinin sədri Nigar Həsənzadə, İdman komitəsinin sədri İqor Ponomaryov və digərləri çıxış ediblər.

İclasda qeyd olunub ki, Fondun saytı, sosial şəbəkə hesabları artıq istifadəyə verilib, Diaspor TV-nin texniki problemlərinin həlli istiqamətində çalışmalar davam edir.

Sonda DABF-ın İtaliya təmsilçisinin təklifi ilə növbəti toplantının Romada keçirilməsi qərara alınıb.