Avropadakı azərbaycanlılar bəyanat yaydı
04 Mart, 10:22   |    Baxış sayı: 301

Avropadakı azərbaycanlılar bəyanat yaydı

Redaksiyamıza Avropa Azərbaycanlıları Konqresi, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurası adından Bəyanat daxil olub.

Bəyanatda deylir:

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında 22 fevral 2020-ci il tarixində 30-dan çox ölkədən gəlmiş azərbaycanlıların və dost xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə 1300-dən çox soydaşımız iştirak edib. Avropa Azərbaycanlıları Konqresi (AAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurası olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında işğalçı Ermənistan rəhbərini tutarlı faktlarla susdurması soydaşlarımıza yeni bir ruh verib, bütün ölkələrdən onların Berlinə axınını təşviq edib. Branderburq qapılarının önündə Paris meydanında mitinqin keçirilməsinin isə ayrıca siyası əhəmiyyəti var.

Ona görə ki, dünyanın aparıcı dövlətlərinin – Amerika, Rusiya, Fransa və s. ölkələrin diplomatik korpusları burada yerləşir və mitinqdə səsləndirilən şüarları birbaşa eşidə bilirlər.

AAK idarə heyəti və Koordinasiya Şurasının əlaqələndiriciləri, üzvləri mitinqdə fəal iştirak edib.

AAK rəhbəri Sahil Qasımov isə mitinq vaxtı BMT-nin 58-ci sesiyasında iştirak etmək üçün Nyu-Yorkda rəsmi səfərdə olub və Almaniyada keçirilən mitinqdə iştirak etməyib.

Ümummilli məsələlərdə soydaşlarımızın birliyinin bariz nümunəsi olan Berlin mitinqi Azərbaycan dövlətinin uğurlu diaspor siyasətinin, Koordinasiya Şuralarının fəaliyyətinin, müxtəlif ölkələrdə Azərbaycan evlərinin, Qarabağ məktəblərinin yaradılmasının məntiqi nəticəsidir.

Mitinq iştirakçıları 17 dildə "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Təbii ki, "Xocalıya ədalət!” tələbi ilə keçirilən uğurlu aksiyadan sonra mitinqdən qayıdan insanların avtobusda rəqs etmələri arzu edilən deyil və Xocalı faciəsi ilə bir araya sığmır.

Bununla belə, qəbul ediləndir ki, uzun yolçuluq, saatlarla ayaqüstə qalmaq, müxtəlif dillərdə 10-larla şüarlar səsləndirmək kimi işlərdən sonra yorğunluğu azaldan, insanda müsbət əhval-ruhiyyə yaradan hərəkətlərin edilməsi mümkündür və bəzən hətta zəruridir.


Mitinqində soydaşlarımızlın kütləvi iştirakının erməniləri narahat etdiyi bir vaxtda, ermənilərin törətdiyi Xocalı soyqırımını kənara qoyub, azərbaycanlıların belə bir məsələni müzakirə predmetinə çevirməsi təəssüf doğurur və utancvericidir.


Qeyd etmək istəyirik ki, nə AAK, nə də Koordinasiya Şurası hər hansı insanın hərəkətləri üçün məsuliyyət daşımır və heç bir günahı yoxdur.


Biz – AAK və Koordinasiya Şurası olaraq, soydaşlarımıza mitinqdə kütləvi iştiraka görə təşəkkür edir, bütün soydaşlarımızı ümummilli məsələlərdə birliyə və birgə fəaliyyətə səsləyirik.