İyulun 10-da Ucar rayonu, Bərgüşad kəndində qətlə yetirilən Bayram Abbasovun ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
Ucar rayon prokurorluğundan DiasporPress.az-a verilən məlumata görə, təxirəsalınmaz və zəruri istintaq tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırlada ki, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxansında ölməsi barədə məlumat daxil olub.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin məlumatda cinayəti mərhumun qardaşı oğlanlarının törətdiyi deyilirdi.