Britaniya tarixində bir ilk: İngiltərənin üç ən böyük şəhərində – London, Birmingem, Mançesterdə Suat Sancarın rəhbərliyi altında baş tutmuş Türk İncəsənət Musiqisi konserti insanların marağına səbəb olub.
Diasporpress.az xəbər verir ki, Suat Sancar xüsusi olaraq Cümhuriyyətin 100-cü ildönümü üçün “Atatürkün sevdiyi nəğmələr və türkülər”dən ibarət repertuarla möhtəşəm konsert verib.
Tədbirdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının diplomatik korpus nümayəndələri, bir çox dərnək və qeyri-hökümət təşkilatlarının sədrləri iştirak ediblər.
Suat Sancar tərəfindən qurulan və 20 ilə yaxındır fəaliyyət göstərən London Türk Klassik Musiqisi hər zaman tamaşaçıların böyük rəğbətini qazanıb.
Atatürkün sevilən mahnılarını və xalq mahnılarını repertuarında uğurla ifa edən xorların solistləri bunlardır: Tuğçe Bıçakçı, Begüm Canan Yıldız, Müge Stubbert, Ebru Tez, Bahar Çaylak, Sumru Vitehorn, Emre Gökyiğit, Gamze Özkök, Halil Lale, Nurettin Çıraklı və keçən ilki əlillərin səsi müsabiqəsinin qalibi Nesli Arı. Qonaq artist Fahri Nur proqrama üç gözəl əsəri ilə qatılıb.
Dirijor Suat Sancarın ifa etdiyi ilk əsər Mehmet Akif Ersoyun “Çanaqqala şəhidlərinə” həsr olunmuş qəsidəsi olub, əsər salonda böyük duyğu və hüznlə dinlənilib.
Gecənin sonunda qonaq sənətçi Fahri Nura xatirə lövhəsini Türkiyə Respublikasının Londondakı səfiri Osman Koray Ertaş təqdim edib. Gecədə Şimali Kipr Türk Respublikasının səfiri Çimen Keskin London Atatürk Məktəblərinin qurucusu Türker Çakıcıya “Ömür Boyu Müvəffəqiyyət Mükafatı”nı təqdim edib.
Elizabet tərəfindən mükafatlara və təşəkkürlərə layiq görülən sənətçi Suat Sancar açıqlamasında vurğulayıb:
“Mədəniyyətimizi və sənətimizi yaşatmaq, İngiltərədə populyarlaşdırmaq üçün 20 ilə yaxındır fəaliyyətini davam etdirdiyim London TSM Xorumuz bir çox uğurlu konsertlər verib. Bu gün böyük sevinclə Birmingem və Mançester xorlarımızla birlikdə Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün sevdiyi mahnıları və türküləri “Üç Dövlət, Bir Millət” devizi ilə dövlət bayraqlarımız altında sizlərə səsləndirdik”.