Ölkə

Toğrul Allahverdili: “Elə qüvvələr var ki, həmvətənlərimizi təxribata çəkirlər”

Toğrul Allahverdili: “Elə qüvvələr var ki, həmvətənlərimizi təxribata çəkirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət birdən-birə bunların hamısının öhdəsindən gələ bilməz”
Koronavirusla əlaqədar sərhədlərin bağlanması səbəbindən çoxlu sayda vətəndaşımız xaricdə qalıblar. Vətənlərinə dönəcək günləri sayırlar. Onların sırasında müalicə üçün xaricə gedib, qayıda bilməyən, təhsil alan, əmək miqrasiyasında çalışanlar kifayət qədər çoxdur. Azərbaycan dövləti xaricdə qalan vətəndaşlarını ölkəyə gətirmək üçün bütün imkanlarından istifadə edir.

Amma bununla belə, hökumətin üzərinə gedib, onu xaricdəki soydaşlarımıza biganə münasibət göstərməkdə ittiham edənlər qruplar da formalaşıb. Sosial şəbəkələrdə qara piar kampaniyasına start verilib.

Diaspor Press İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Musavat.coma açıqlamasında bu cür hallardan təəssüfləndiyini dilə gətirdi: “Bilirsiniz ki, bu epidemiya başlayandan Azərbaycan dövləti tərəfindən xaricdəki yüzlərlə soydaşımız ölkəmizə qaytarıldı. Lakin sərhədlər bağlanandan sonra bu proses bir qədər səngidi. Bu sərhədlər Azərbaycan tərəfin istəyi ilə bağlanmayıb. Digər ölkələrin, xüsusilə, qonşu dövlətlərin öz daxillərində təhlükəsizliyi qorumaq, virusun qarşısını almaq üçün bu addımlar atıldı. Sərhədlər bağlanandan sonra Azərbaycan da çətin durumda qalıb. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Azərbaycan vətəndaşları təkcə xaricdə qalmayıblar, xarici ölkələrin vətəndaşları da ölkəmizdə qalıblar. Deyərdim ki, bu günləri yüzlərlə, minlərlə Türkiyə vətəndaşı Azərbaycanda oturub, ölkələrinə qayıtmağı gözləyirlər. Azərbaycan pulsuz olaraq insanlarımızı ölkəmizə gətirir. Amma Azərbaycandan fərqli olaraq, Türkiyə vətəndaşı 460 manat ödəyib, Türk Hava Yolları vasitəsilə ölkəmizi tərk edə bilər. Bu yaxınlarda Türkiyə səfirliyi belə bir açıqlama yaydı. Azərbaycan dövləti operativ şəkildə işlədi. Xüsusilə, vurğulamaq istəyirəm ki, bu məsələdə Diasporla İş Üzrə Dövlət Komitəsi bu məsələdə vətəndaşlarımızın yanında oldu. Minlərlə ölkə vətəndaşımız xaricdə qalıb, Azərbaycana dönmək üçün yol gözləyir. Yaxınlarda “Evəgedirəm” portalı istifadəyə verildi. Bununla bağlı Nazirlər Kabinetinin açıqlaması oldu. İlkin mərhələdə Rusiyada olan azərbaycanlıların oradan qeydiyyatdan keçəcəyini bildirdilər. Bu portal ondan ibarət olacaq ki, həmvətənlərimiz özləri haqqında məlumatları ora yerləşdirəcəklər. Sıralama növbəsi olacaq. Həmin sıralama ilə oradakı həmvətənlərimiz Azərbaycana gətiriləcəklər. Bu dəqiqə mətbuatdan ən çox oxuduğumuz Türkiyədə olan vətəndaşlarımızın narazılıqlarıdır. Belə narazılıqların sayı çoxdur. Sırf sizləri inandırıram ki, burada gözə görünməyən qüvvələr var ki, həmvətənlərimizi təxribata çəkirlər. Bunun özüm şahidi olmuşam. Karantin başlayan vaxt Türkiyədə qalmışdım. Bunun şahidi oldum ki, bəzi qüvvələr insanları qızışdırmağa çalışırlar ki, dövlət bunu, onu etməlidir. Azərbaycan dövləti lazım olan hər şeyi etdi. Bu gün də edilir. Heç bir dövlət xaricdə yaşayan vətəndaşlarına bizim qədər dəstək olmayıb. Bunu şahidi olan bir insan kimi tam əminliklə deyirəm. Azərbaycanın xaricdəki səfirlikləri də böyük işlər gördülər. Türkiyə, Rusiya, Ukraynadakı səfirliklərimizin fonunda bunların şahidi oldum. Vətəndaşlarımıza lazım olan dəstəyi bacardıqları qədər verirlər. Diaspora Komitəsi tərəfindən xaricdəki vətəndaşlarımızın qalma, yerləşdirmə problemləri həll olunur, ərzaq probleminin həllinə qədər işlər görülür. Mənə dəfələrlə müraciətlər olub ki, bu cür problemlərimiz var. Bircə dəfə Diaspora Komitəsinin rəsmilərinə zəng etdiyim anda məsələ öz həllini tapır”.

T.Allahverdili problemlərdən də söz açdı: “Demirəm ki, hər şey idealdır. Xaricdə yaşayan azərbaycanlıları arasında problemləri olanlar var. Əziyyət çəkənlər, pulsuz olanlar, ev kirayəsini ödəyə bilməyənlər var. Ancaq bir şeyi unutmamalıyıq ki, dövlət birdən-birə bunların hamısının öhdəsindən gələ bilməz. Rusiyada diaspor təşkilatları, Moskvanın Azərbaycan icması tərəfindən yüzlərlə azərbaycanlı ərzaqla təmin olunub, kirayə məsələləri həll olunub. Bir məsələni xüsusi vurğulayım ki, Azərbaycan öz vətəndaşları olmayan Gürcüstanda yaşayan azərbaycanlılara yardım belə göndərdi. Yəni o insanlar da diqqətdən kənarda saxlanılmadı. Ancaq yenə də qeyd etdiyim kimi narazı kütlə var. Onları da haradasa anlamaq olar. Xaricdə qürbətdədirlər. Onlar vətənə dönmək istəyirlər. Bəziləri burada dövləti günahkar bilib, ittiham edirlər. Həmin insanlara sual verirəm ki, niyə işləyən vaxtı, xaricdə kefdə-damaqda olan vaxt bir dəfə dövlət yada düşmədi, imkansız ailələrə hansı yardımları etdiniz? Amma bu gün dövləti ittiham edirlər. İttiham edənlərin 90%-i heç bir şey etməyən insanlardır. Sosial şəbəkə üzərindən özlərinə rəy qazanmaq üçün bu cür edirlər. Bunlar çox absurd hallardır. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, xaricdə yaşayan bəzi iş adamlarımız da bu dəstək kampaniyasına qoşulublar. Artıq bu bir hərəkata çevrilib. Bu da bir daha sülhsevər, millətpərvər bir xalq olduğumuzu göstərir. Nəinki xaricdə yaşayan vətəndaşlarımıza, hətta olduqları ölkələrin vətəndaşlarına da iş adamlarımız, diaspor təşkilatlarımız, digər qurumlarımız tərəfindən yardımlar olunur. Kimsə deyə bilər ki boşuna danışıram. Amma bunların şahidi olan biri kimi bunları deyirəm. Əminəm ki, dövlətimiz xaricdə yaşayan heç bir vətəndaşını pis durumda qoymayacaq, onların talelərinə biganə qalmayacaq. Mərhələli şəkildə onlar Azərbaycana gətiriləcək. Qarşıdakı günlərdə “Evəgedirəm” portalı vasitəsilə Rusiyadakı vətəndaşlarımız ölkəmizə gətiriləcək. Dağıstanda olan vətəndaşlarımız üzərindən bəzi müğənnilər, şəxslər şou düzəltməyə başladılar ki, guya ordakılar acdırlar, bunlar da onlara yardım etmək üçün ora gedirlər. Bunlar tamamilə səhv məlumatlar idi. Azərbaycan dövləti, Rusiyadakı səfirliyimiz, Diaspora Komitəsi tərəfindən oradakı azərbaycanlılar Dağıstandakı sanatoriyaların birinə yerləşdirilmişdilər. Çox gözəl də şəraiti var idi. Bunların məndə çəkilişi var. Fotolarda hər şey açıq görünür. Oradakı azərbaycanlılar hər şeylə təmin olunurdular. Hətta onların siqaret puluna qədər dövlət tərəfindən verilirdi. Ora müğənni sanki özünə toy tutmağa getmişdi. Bəzi şəxslər də bundan istifadəyə cəhd etdilər. Belə tərbiyəsizliklə məşğul olmaq olmazdı. Sonda hər kəs gördü ki, üzr də istənildi. Özü də ifadə etdi ki, səhv etmişəm. Yüzdən artıq azərbaycanlı ölkəmizə gətirilərək yerləşdirilib”.

Xaricdəki azərbaycanlıların ölkəmizə gətirilməsi prosedindəki son durumla maraqlanmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi əlaqə saxladıq. Rəsmi qurum sualımıza cavab vermədi. (Musavat.com)

DiasporPress.az