Tibbi maskaya görə cərimələr parlamentdə mübahisə yaratdı

Tibbi maskaya görə cərimələr parlamentdə mübahisə yaratdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tibbi maska taxılmamasına görə fiziki şəxslər üçün nəzərdə tutulan 50 manat cərimə çoxdur”.

DiasporPress.az xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, fiziki şəxslər üçün cərimə 20-25 manat civarında müyyənləşdirilməlidir.

“Qanunları pozanların çoxu pulu olmayanlardır. Buna görə də təklif edirəm ki, nəzərdə tutulan cərimə məbləği 20-25 manata qədər azaldılsın”, – deyə M.Quliyev əlavə edib.

Deputat Naqif Həmzəyev də eyni təkliflə çıxış edib.

Deputat Siyavuş Norvuzov isə bu fikirlərə etirazını bildirib:

“Bəziləri deyirlər ki, kiminsə imkanı yoxdur, nə bilim nə! Bununla əhalidən xal qazanmaq istəyirlər? Əksinə, bununla əhalinin evini yıxırlar. Cərimə məbləğləri müəyyən olunur, daha bunu niyə uzatmalıyıq?!”

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.

Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.

 

DiasporPress.az