Sumqayıt Texnologiyalar Parkının (STP) Ağır Maşınqayırma Zavodu ASME Code standartına uyğun təzyiq altında işləyən çən istehsal edib.
Şirkətdən verilən məlumata görə, təzyiq çəni Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında hazırlanıb. Məhsulun istehsalı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin podratçı şirkəti “Teknimont”un nəzarəti altında həyata keçirilib. Sifariş ümumilikdə 13 ədəd müxtəlif ölçülərdə və eyni zamanda fərqli dizaynda çənlər istehsalını nəzərdə tutur.
Bildirilib ki, ASME Code sertifikatlı təzyiq çənlərinin istehsalı Azərbaycan və eyni zamanda Xəzəryanı ölkələr üçün də çox vacib hadisədir: “Bu nailiyyət Texnopark üçün yeni imkanlar yaradır. Belə ki, müəssisə Xəzəryanı ölkələrə, Avropaya və eləcə də digər xarici dövlətlərə təzyiq çənləri ixrac edə biləcək. Bu da öz növbəsində həm şirkətin, həm də ölkənin imicinə yüksək töhfə verir”.
Xatırladılıb ki, bundan öncə Azərbaycanda istehsal olunmuş çənlər GOST standart əsasında istehsal olunub ki, bu da yalnız keçmiş Sovet ölkələrinə satışı etmək imkanı verirdi. ASME (American Society of Mechanical Engineers) standartı ilə istehsal olunan çənlər isə dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində həyata keçirilən iri həcmli layihələrə satış imkanı verir. ASME Code standartı ilə hazırlanmış təzyiq çənləri Neftayırma zavodlarında, nasos stansiyalarında, dənizdə yerləşən neft platformalarında, gəmilərdə və. s geniş istifadə olunur.
STP ASME sertifikat və aidiyyəti üzrə alt möhürlərini 2018-ci ildə əldə edib.
Qeyd edək ki, STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.