İfaları və rəqsləri ilə gündəmdə olan şou əhli yenə də bahalı, dəbdəbəli geyim və aksesuarlarına görə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Geyim-keçimə “çamadanlarla” pul xərcləyən ulduzların libasları, bəzək əşyaları izləyicilərin marağına səbəb olub.
DiasporPress.az “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.
Karantin dönəmində durmadan çalışan Xalq artisti Röya Ayxan iddialı və seksual fotosessiyası ilə böyük marağa səbəb olub.
Qırmızı “body” geyinən milyonların sevimlisi obrazını dəbdəbəli etmək üçün dəyəri 3 124 manat olan, “Red Valentino” istehsalı “trenç”də (yağışlıq – red.) və “Giuseppe Zanotti” brendinə məxsus, burun və topuq hissəsi açıq, 1 691 manatlıq kobud tərzli ayaqqabıda görüntülənib.
Zövqü ilə seçilən, Türkiyədə yaşayıb, orada müğənnilik fəaliyyətini davam etdirən Günel Zeynalova da fərqli geyim üslubunda kamera önünə keçib.
Bahalı və brend mallar geyinən məşhur xanım bu dəfə “mass market”ə üz tutub. Günel “Mango” markasının yaz kolleksiyasına daxil olan ağ rəngli toxunma qısaqol köynək və “trapesiya” şalvar geyinib. Ümumillikdə, sənətçi bu “look”una cəmi 136 manat pul xərcləyib.
Şəxsi həyatı gündəmdən düşməyən ifaçı, hazırda bloqerlik fəaliyyəti ilə məşğul olan, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva cibə münasib “H&M” markasına aid, dəyəri 15 manat olan səma mavisi rəngli qısa, çiyinləri açıq don geyinib.
“Mass market”dən geyinən daha bir ulduz Sevda Yəhyayevadır. Sənətçinin mavi rəngli, üzəri xırda gül printləri ilə bəzədilmiş libası “ZARA” brendinə məxsusdur. Qiyməti isə 119 manatdır.