Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
T.Gəncəliyev qeyd edib ki, Azərbaycan vətəndaşlarının ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın nümayəndəsinin belə bir bəyanatının siyasi təbliğat məqsədi ilə ortaya atıldığı göz önündədir.
Onun sözlərinə görə, A.Tanoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında gizlənərək gəlişigözəl fikirlər səsləndirməyə çalışır: “İnsan hüquqlarından ağız dolusu danışan Tatoyan nədənsə, ölkəsinin işğalı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarından danışmağı unudub”.
İcma sədri qeyd edib ki, onun mövqeyi əksər Ermənistan rəsmiləri kimi, ölkəsinin sadəcə “danışıq xətrinə danışıq” taktikasına dəstəyini verməyə hesablanıb: “Ermənistan siyasi rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz dəfələrlə bölgənin erməni icmasının nümayəndələrini sülh şəraitində birgə yaşayışı müzakirə etmək üçün dialoqa dəvət etmişik, lakin müsbət cavab ala bilməmişik. Hansısa “danışıq xətrinə danışıq” deyil, gələcəkdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq iki icmanın dialoqu – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yekun sülhə yaxınlaşdıra bilər.
Buna görə də, elə Tatoyanın özünü icmalararası dialoqu dəstəkləməyə dəvət edirəm. Amma əgər Ermənistan ombudsmanı ölkəsində insan hüquqlarının təməl prinsiplərinə hörmətlə yanaşmayan şəxsləri aşkar etməklə məşğul olmaq istəyirsə, o zaman Xocalı soyqırımını, müharibə cinayətlərini, insanlıq əleyhinə digər cinayətləri törədən şəxsləri mühakimə etməklə başlaya bilər.
Həmçinin, Ermənistan ombudsmanı ölkəsində etnik təmizləməyə məruz qalaraq kütləvi şəkildə öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı işğalçı ölkə qarşısında qaldırılıb”.
DiasporPress.az