“Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası ilə bağlı qərar hələlik qüvvədədir”.
Bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
PFL klublara dünən saat 16:30-dək çempionatın bərpa olunmasına münasibət bildirməyi xahiş edib. Yarışın keçiriləcəyi halda klublardan karantin rejimi ilə bağlı tələblərin, qadağaların və yarana biləcək digər problemlərin məsuliyyətini öz üzərinə götürüb-götürməyəcəklərinə dair soruşulub.
Məsələ ilə bağlı Aslan Şahgəldiyev bunları qeyd edib:
“Bu, münasibət soruşmaq üçün, klubların fikirlərini öyrənmək üçün bir məktub idi. Artıq səkkiz klubun hamısı öz mövqeyini bizə rəsmi şəkildə göndərib. Bu məsələyə növbəti iş günü – çərşənbə axşamı baxılacaq. Amma bu, klublarla PFL arasında olan məxfi məsələ olduğu üçün hansı klubun hansı mövqedən çıxış etdiyini açıqlaya bilmərəm. Klublar bunu özləri mətbuata açıqlaya bilərlər, şəxsi işləridir.
Karantinlə bağlı günbəgün yeni dəyişikliklər olur. Ona görə də indidən iyunun 21-də – həftəsonu çempionatın bərpası ilə bağlı konkret nəsə demək çətindir. Yalnız onu qeyd edə bilərəm ki, hazırkı duruma görə çempionatın bərpası iyunun 21-ə gözlənilir və bu tarix dəyişməz qalıb”.