Böyük Britaniyadan olan təqaüdçü Toni Lister 1945-ci ildə Qələbə günündə çəkilən arxiv görüntülərində özünü tanıyıb.
“The Sun”ın məlumatına görə, həmin vaxt onun cəmi beş yaşı olub.
Listerin sözlərinə görə, atası müharibə illərində pilot olub. Parada o, anası və nənəsi ilə birlikdə gedibmiş. Onlar da kadrlarda görüntüləniblər. Fotoda hər üçü Baş nazir Uinston Çörçill və Kral VI Georgu alqışlayırlar.
Britaniyalı həmin vaxt çəkildiklərini xatırladığını deyir. Böyüyəndən sonra Lister o kadrları axtarmaq qərarına gəlib. Ancaq bunun üçün 40 il vaxt lazım olub.
O, BBC-nin təqdim etdiyi kadrlarda özünü, anasını və nənəsini görməkdən çox şad olduğunu deyib.
“Çox sevinmişdim. O qədər xoşbəxt xatirələrim yadıma düşdü ki…”, – deyə pensiyaçı etiraf edib.
Lister əlavə edib ki, nəvələri böyüyəndə videonu onlara hökmən göstərəcək.