Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, iyul ayının 7-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində yerləşən pay torpaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – kannabis bitkisi aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə torpaq sahəsinə baxış zamanı orada 13 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa, N.Cəfərova məxsus yardımçı tikiliyə baxış zamanı 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı N.Cəfərov çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirib.