Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsmanın) işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il 6 noyabr tarixi Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur.
Təəssüf hissi ilə bildiririk ki, ekoloji terror Azərbaycandan da yan keçməyib, 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəyib, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarıb.
Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulub.
Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanıb, nəticədə, su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməkdədir.
Təsadüfi deyil ki, BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnaməsində işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı.
Bununla yanaşı, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.
Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində təbii sərvətlər talan edilmiş, 163 faydalı qazıntı yatağı, o cümlədən, qızıl, civə, mis, qurğuşun, sink, daş kömür, meşə örtüyü, nadir ağaclar və digər sərvətlər qanunsuz istismara məruz qalıb.
Azərbaycan Respublikasının rəhbər tutduğu mövqeyi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə və beynəlxalq humanitar hüquq normalarına əsaslanır.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq hazırda Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməkdə davam edir.
Hazırda ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmaqdadır.
Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir.
Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir. Bu, ekoloji terrordur.
Qeyd olunan faktlara əsaslanaraq, 6 noyabr – Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq təşkilatlara, o cümlədən, ekoloji təhlükəsizliyin təmini və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, Ermənistan tərəfindən törədilib və hazırda davam etdirilən ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq”.
Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNİCEF-ə, UNESCO-ya, BMT-nin İqtisadi və Sosial Şurasına, BMT-nin İnkişaf Fonduna, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq təşkilatlara göndərilib.
Diasporpress.az