Bu gün ölkəmizdə həm idmanın inkişafı, həm də gənclərlə bağlı çoxsaylı layihələrin icra edilməsi vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclərlə iş sahəsindəki siyasətin nəticəsidir. Məhz Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq bu sahədə həyata keçirilmiş islahatlar, qəbul edilmiş qərarlar, eləcə də çoxsaylı fərman və sərəncamlar sonrakı illərdə Azərbaycanı bütün dünyada tanınan idman ölkəsinə, gənclər siyasətini isə geniş hərəkata çevirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu deyən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, məhz bu istiqamətdə görülmüş işlər çərçivəsində 1994-cü ildə respublikanın idman və gənclər həyatında dönüş ili adlandırılacaq hadisə baş verdi. Belə ki, həmin il Azərbaycanda Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.
Ulu Öndərin idmanın inkişafı üçün uzaqgörənliklə söylədiyi bütün fikirlər, xüsusən də Azərbaycanda idmanın, bədən tərbiyəsinin getdikcə kütləvi xarakter alacağına və gələcəkdə hər bir vətəndaşın yaşından asılı olmayaraq, idmanla məşğul olacağına olan inamı sonrakı illərdə gənclər siyasəti sahəsində öz əksini tapmağa başladı. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə idmançılarımız iki dəfə – 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında iştirak edərək vətənə müxtəlif əyarlı medallarla qayıtdılar. Heydər Əliyevin təşəbbüsü ilə idman sahəsində infrastrukturun qurulması və maddi-texniki bazanın müasirləşdirilməsi üçün 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Müşfiq Cəfərov bildirib ki, idmanın inkişafı ilə yanaşı gənclər sahəsinə də xüsusi diqqət edən ümummilli lider Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkmişdir. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdi. Təsadüfi deyildir ki, Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” – sözləri bu gün devizə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdür. Bir il sonra – 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Gənclərinin 1-ci Forumu təşkil edilmişdir.
Müşfiq Cəfərov qeyd edib ki, Ümummilli Liderin 1997-ci il 1 fevral tarixində imzaladığı Sərəncamla gənclərlə bağlı ən mühüm və yaddaqalan addım olub. Məhz bu fərmanla “Azərbaycan gəncləri günü” təsis edilmiş və hər il 2 fevral tarixi müxtəlif qurumlar, xüsusən də ölkə gəncləri tərəfindən əlamətdar gün kimi qeyd olunur.