Dövlət İmtahan Mərkəzi iyunun 24-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
Mərkəzdən verilən məlumata görə, imtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə doqquz şəhər və rayonda keçirilib.
İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, iki şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
İyunun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Doqquzuncu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.
DiasporPress.az