Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Çallı kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Əhmədov saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram olan yeddi ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib.
Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.