Arada gileyləndim ki, iş yoxdur. Amma indi işlərim çoxalıb. Səhər saat 6-ya kimi studiyada mahnılarımdan birini aranjiman edirdik. Yeni mahnılar və layihələr var, çoxdur. Bu yaxınlarda mənim iştirakımla klassik estrada musiqilərindən və mahnılarından ibarət möhtəşəm konsert proqramı keçirildi. İnanın ki, konserti izləməyə gələn tamaşaçılar bizim çıxışlara heyran qalmışdılar.
DiasporPress.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli tədbirlərin birində dilə gətirib. Yeni işlərindən danışan bəstəkar bayağı mahnıları təbliğ edən televiziyalara etirazını bildirib:
“Müğənnilər gündəmin nəbzini repertuarlarına saldıqları ucuz və bayağı mahnılarla zənginləşdirirlər. Tamaşaçıların fikirləri isə bu məsələdə yarıya bölünüb. Kimi bəyənir, alqışlayır, kimi də ağız-burun əyib, qarğışlayır. Bayağılıqda günahlandırılan bir çox müğənnilər isə nəticə çıxartmaq istəmirlər”.
“Efirlərdə səslənən bayağı mahnı və ifalara nə zaman “stop” qoyulacaq?” sualını eşidən Əməkdar incəsənət xadimi əsəbiləşib, sərt reaksiya nümayiş etdirdi:
“Bayağı ifaçıları izləmirəm. Bu mövzu ətrafında çox danışsam da, heç kimin vecinə olmadı. Ona görə danışmaq istəmirəm. Allah hamının öz ruzisini verir. Biz əgər musiqimizi qorumuruqsa, o deməkdir ki, özümüzü də qorumuruq. Əgər bir xalqı məhv etmək istəyirsizsə, onun mədəniyyətini əlindən alın. Digər millətlər bizim musiqilərdən o qədər bəhrənəlib, işlər görür ki… Amma bəsit musiqilər efirdə səsləndikcə kənardan gələnlər də elə bilirlər ki, bizim musiqimiz elə bundan ibarətdir.
Türkiyənin bəh-bəhlə tərifləyib, təqdim etdikləri komediya ustası Cem Yılmaz Bakıya gəldi. Onun “Bir həftə Bakıda qalsam, Xalq artisti olaram” sözləri məni çox əsəbiləşdirdi. Yəni, onun gördüyü bu idi. Adamın heyifi gəlir ki, bizim layiqli musiqiçilərimizi, mahnılarımızı dinləməyib. Bu da birbaşa efirlərin günahıdır.
Kimin boynuna atım? Hamıda günah var. Başa düşürəm ki, özəl TV kanallar gərək nə iləsə dolansın, özünü saxlaya bilsin. Bədii şuralar yaradılıb amma fəaliyyəti hələ ki görünmür. Onların fəaliyyətə keçməsini sentyabr ayında gözləyirdik. Amma hələ ki heç nə yoxdur. Danışanda bəlkə də kiminsə xətrinə dəymiş oluram, istəmirəm dava, savaş, qalmaqal olsun. Bu sadəcə adi vətəndaşın sözüdür.
Övladlarım TV kanallarda səsləndirilən musiqiləri dinləmir, müğənniləri də izləmir. Biz yorulmuşuq. Anam hər zaman deyərdi “Bu nədir ay qızım, mahnının sözlərini dəyişib, yenidən oxuyurlar. Bunlara heç kim, heç nə demir?”
Gənc, böyüyən nəsil elə biləcək ki, bizim musiqilər elə bundan ibarətdir. Sözlərini dəyişib yenidən ifa edirlər. Çünki muğam “ladı” dəyişmir.
Bu “İran müxalifi” nə qədər musiqilərdə istifadə etmək olar? Bizim zəngin ladımız var. Onlardan nəyə görə istifadə etmirlər? Çünki bəsitdirlər, savadlanmaq istəmirlər”.
“Müğənnilər “meyxana” janrında mahnılara və musiqilərə daha çox üstünlük verirlər. Səbəb nədir?” demişdik ki, Nailə Mirməmmədli od püskürdü:
“Bu kimi mahnılar bəlkə də olmalıdır. Amma təkcə ondan ibarət olmamalıdır. Görürsüz heç adını belə çəkmədim. Çünki biz əvvələr böyüklərimizin önündə bu sözü işlətmirdik. O sözün əvvəlindəki heca ailə içərisində işlənmirdi. Yaşım artıq 60-a yaxındır, indiyə kimi də o sözü dilimə gətirmirəm. Bəli, bu folklyordur. Amma müəyyən bir cəmiyyət üçün olmalıdır, əsasən də kişilərə yaraşan sözdür.
Sanki klassik musiqidən tutmuş, estrada, caz janrı Azərbaycanda ölüb. Davamçılar yoxdur. Bizim gənc və istedadlı ifaçılarımız var, amma onları təbliğ, reklam etmirlər. Onlara zaman ayırmırlar, ayırmaq da istəmirlər. Ola bilsin, hər şeydən nəsə umurlar.
Əvvəlki müğənnilərimiz toy repertuarlarını efirlərdə oxuyub el şənliklərinə getmirdilər. Efirdə özünün yaradıcılığını göstərirdilər, toylarda isə toy ifalarını sərgiləyirdilər. İndi tərsinə olub. Müğənnilər çıxırlar efirə, toy mahnıları səsləndirirlər ki, onları el şənliklərinə çağırsınlar. Bu çox yalnış mülahizədir. Doğru yol deyil.
Xocalı, Şuşa üçün üç böyük əsər yazmışam. Vətənpərvərlik mövzuları təbliğ olunmalıdır. Amma əfsuslar olsun ki, olunmur. Efirə gələn müğənniyə aparıcı deyir ki, şən mahnı ifa et, lirik, vətənpərvərlik mövzulu oxuma. Şən oxu ki, verilişimiz baxımlı olsun. Reytinqin atasına lənət. Kimdirsə o reytinqi mənə göstərsin. Ona görə bu dəqiqə biz işləyirik.
Bizim vaxtımızda reytinq yox idi. Necə oldu mən Nailənin, Hikmətin musiqiləri dinləyicilər tərəfindən qəbul olundu? Nə “Youtube”da baxış söhbəti var idi, nə də ki reytiq. Bizim elə əsərlərimiz var ki, onlar sosial şəbəkə vasitəsilə deyil, insanların sevgisi ilə üzə çıxıb. Ona görə bu kimi şeyləri bəhanə etmək lazım deyil. Bunları əldə bayraq etmək doğru deyil. Çünki bunlar hamısı pul gücünə olan məsələlərdir.
Mən nə reytinqə, nə onun atasına, nə də ki o baxış söhbətinə inanmıram. Nə deyirsiz deyin, inanmıram!”
Müğənnilərin ifaçılıqla yanaşı, mahnı yazıb özünü bəstəkar adlandırmasına Əməkdar incəsənət xadimindən gözlənilməz etiraf gəldi:
“Tünzalə Ağayeva və onun simasında bir çox müğənnilər mahnı bəstələyir. Tünzalənin musiqi savadı var. Əlibaba Məmmədovun gözəl muğam biliyi var. Baxın görün o, necə gözəl musiqilər bəstələyib. Ramal İsrafilov da çox istedadlı bir musiqiçidir. Amma o biri ifaçılar Ələkbər Tağıyevi və Əlibaba Məmmədovu əllərində bayraq edib, ağıllarına nə gəlirsə, onu da edirlər. Belə olmamalıdır.
Onlar bəlkə də başqa səhədə birinci ola bilərlər. Amma bu sahə əgər onlarlıq deyilsə, kəsmə yolla populyarlıq xəstəliyi var. O xəstəlikdən qaçsınlar. Bəlkə də onlar başqa səhənin elə bir peşakarı ola bilərlər ki, görənin ağzı açıq qalar, hətta həsəd aparar.
Gənclərimiz arasında elə ifaçılar var ki, özü yazır, bəstələyir, oxuyur və onda bu gözəl alınır. O ki qaldı sizin söylədiyiniz bayağı mahnıların üzərinə “stop” qoyulmasına, onun atasına rəhmət olsun. Heç bilmirəm nə zaman “stop” olacaq.
Siz jurnalistlərin köməyi ilə ola bilər, bu proses daha da tezləşsin. O adamlar efirlərdə, saytlarda təbliğ olunmasa, onlara “veto” qoyulsa, yaxşı musiqinin təbliği getsə və bizimlə birgə birləşsələr, vəziyyət yaxşılığa doğru dəyişər.
Oğluma toy etdim, bir dənə də olsun bayağı mahnı səslənmədi. Toy o qədər şən keçdi ki… Qonaqlar çox razı qaldılar və yaddaşlara həkk olundu. Toyumuzda dahi və unudulmaz bəstəkarlarımızın şedevr mahnıları səsləndi. Hamı istirahət etdi”.
Röya Ayxanın, Miri Yusifin və Tünzalə Ağayevanın bu yaxınlarda “Xalq artisti” fəxri adına layiq görülmələri bəzi xanəndə və müğənniləri qəzəbləndirdi. Onlar “10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan xərcləyib, məclislərinizin başında oturdursuz” kimi etirazlarla dolu fikirlər səsləndirdilər.
“Hər üç müğənni bu ada laiqdirlər?” sualını Nailə Mirməmmədli bu cür cavabladı:
“Təki hamı Röya Ayxan kimi işgüzar olsun. Miri Yusifə isə mənim hörmətim var. Miri Yusif öz janrında danışa bilər, mənim janrımda isə yox”.
“Tamaşaçılar tərəfindən ən çox tənqid olunan, “bayağı” adlandırılan və ən çox da dinlənilən Damla ilə Şəbnəm Tovuzludur. Onların ifalarını və oxuduqları mahnıları peşəkar bəstəkar kimi necə qiymətlindirirsiz” sualı Nailə Mirməmmədlini çaş-baş qoydu. Bəstəkar hər iki müğənninin ifaçılıq sənətini bu cür ələkdən keçirdi:
“Hər iki müğənninin səs tembrləri bir-birindən fərqlidir. Yəni öz yeri var. Amma onların repertuarını qınayıram. Eyni tip mahnılar ifa olunur. Peşəkar bəstəkarlara müraciət etsinlər. Demirəm mənə, xeyr! Bir az dəyişiklik etsinlər. Repertuarlarına əl gəzdirməlidirlər. O zaman bəlkədə hər şey müsbətə doğru dəyişər”.
DiasporPress.az