Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirakı üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərib.
DiasporPress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən bütün seçkilərdə arzu edən beynəlxalq təşkilatların və xarici qurumların müşahidəçi qismində iştirakına şərait yaradılıb:
“Bu dəfə də bu addım atılıb. Amma bələdiyyə seçkiləri ilə bağlı bu sahədə bir spesifiklik var. Bunun özünəməxsusluğu ondadır ki, bələdiyyə seçkiləri yerli seçkilər olduğu üçün beynəlxalq təşkilatlar bunu müşahidə etməyə o qədər də böyük maraq göstərmirlər. Bizim dəvət göndərdiyimiz Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünüidarəetmə məsələlərinə diqqət göstərir. Ona görə də, Mərkəzi Seçki Komissiyası bu konqresə də dəvət göndərib. Biz, həmçinin, digər xarici ölkələrin seçki qurumlarına da müraciət ünvanlamışıq. Belə qurumların sayı 15-dir. Hazırda işçi qaydada bizə müəyyən məlumatlar daxil olur. Bu proses səsvermə gününə 10 gün qalana qədər davam edəcək”.
DiasporPress.az