Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, bu gün həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub. Xeyli vaxtdır ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə demək olar ki, əsas işlər yekunlaşıb.
Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə bütün kənd sakinləri adından bir daha minnətdarlığını bildirib. İdmançıların istəyini nəzərə alaraq kənddə güləş zalının tikintisinə görə bütün idmançılar adından da təşəkkürünü çatdırıb. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyib.
Rayon rəhbəri həmçinin Qazaxda daha iki məktəb üçün yeni inzibati binaların inşa olunduğunu da qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşasının davam etdirildiyini diqqətə çatdırıb.