Mahir Rüstəmli: “Bu ölkədə pul qazanan şirkətlər idman jurnalistikasına belə laqeyd yanaşmamalıdır”

Mahir Rüstəmli: “Bu ölkədə pul qazanan şirkətlər idman jurnalistikasına belə laqeyd yanaşmamalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“90-cı illərlə müqayisədə indi qəzet mətbuatında hansısa üstünlük görmürəm. Əksinə, geriləməni və çatışmazlıqları göstərən cəhətlər daha çoxdur”.

Bunu DiasporPress.az-a “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.

Bu gün dünyada İdman Jurnalistləri Günü kimi qeyd olunur. Çünki idman jurnalistlərinin ilk böyük qurumu olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyası 1924-cü ilin iyulun 2-də yaradılıb. Azərbaycan da 1996-cı ildən bu qurumun üzvü olduğundan iyulun 2-si bizim idman jurnalistlərinin də günü kimi tanınır.

Lakin idman jurnalistikasında problemlər az deyil. Hazırda qəzetçilik məktəbi də müəyyən çətinliklər yaşamaqdadır. Bu sahədə 1997-ci ildən “Futbol+”un baş redaktoru olan M.Rüstəmlini dinləyək:

“90-cı illərin ikinci yarısında qəzetlərin reklam bazarında əməlli-başlı çiçəklənmə var idi. Satışla yanaşı, alternativ qazanc yolu yaranmışdı. Elə satışla bağlı problemlər də indiki kimi deyildi. Düzdü, müəyyən gecikmələr olurdu, amma ümumi satış həcmi yetərincə yüksək olduğundan, şirkətlərin qəzetlərə ödənişi gecikdirməsi faciəvi vəziyyət yaratmırdı. Müxtəlif şirkətlərdən biri-ikisi pulu köçürəndə kollektivin maaş-qonorarını vermək olurdu.

Özünəməxsus dəst-xətti olan qəzetlər, güclü imzalar daha çox idi, jurnalistləri həvəsləndirmək üçün “Media açarı” və başqa bu tipli müsabiqələr keçirilirdi, hansısa imza tanınan kimi hamı maraqla həmin müəllifin sonrakı yazılarını gözləyirdi. Onda canlı ünsiyyət, müsahiblə görüş praktikası geniş yayılmışdı. İndi isə bütün bunları texnologiyalar əvəzləyir. Təbii ki, texnologiyalar üstünlükdür, amma heç bir halda canlı ünsiyyətin əvəzini verə bilməz. Ümumilikdə, ölkədə oxu prosesinə ciddi maraq var idi. İndi isə telefondan gözünü bir dəqiqə də ayırmayan gənclik yetişir”.

O, müəyyən qurumların idman mətbuatına yardım etməli, biganə qalmamalı olduğunu bildirib:

“Düşünürəm ki, Azərbaycan boyda ölkəyə bu qədər idman saytı lazım deyil. 40-dan artıq fərqli çəkiyə malik saytın əvəzində ortada 10-a yaxın, amma daha güclülərin qalması həm futbol klubları ilə əməkdaşlığı bir qədər üst səviyyəyə qaldırardı, həm də birləşmə nəticəsində oxunaqlı saytların sayı artardı. İstənilən halda müəyyən reklam bazarı da formalaşmalıdır. Bu ölkədə pul qazanan böyük şirkətlər idmana, futbola, idman jurnalistikasına belə laqeyd yanaşmamalıdır.

Demirəm ki, ucdantutma hamı ilə əməkdaşlıq etsinlər, amma heç olmasa, baxsınlar, izləsinlər, seçsinlər, milli burjuaziyanın nümayəndələri kimi idman jurnalistikasının maddi bazasının möhkəmlənməsinə yardım göstərsinlər. AFFA, Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası, Azərbaycan İdman Jurnalistləri Federasiyası da peşəsinə bağlı olan, heç bir başqa niyyət güdməyən idman jurnalistlərinin sosial rifah halını yaxşılaşdırmaq, təcrübəsini artırmaq yolunda birgə layihələr həyata keçirməli, onları həvəsləndirməlidirlər.

Bu yolda müxtəlif ölkələrin təcrübəsindən yararlanmaq olar. Bilirsiniz, bütövlükdə Azərbaycan mediası ilə bağlı spesifik problemlər var ki, idman mətbuatı da bu problemlərdən kənarda deyil. Amma bu artıq başqa söhbətin mövzusudur”.