Kosovolu futbol məşqçisi Naci Şensoy Tovuzdakı cəbhə xəttində Azərbaycanın verdiyi şəhidlərə görə başsağlığı verib.
DiasporPress.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Facebook” hesabında bu paylaşımı edib:
“Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt tək olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun”.
Xatırladaq ki, türk əsilli Naci Şensoy üç dəfə fərqli vaxtlarda Tovuzun “Turan” komandasının baş məşqçisi olub. Bu, 2002-2003, 2004-2005 və 2012-ci illərdir.
Qeyd edək ki, dünəndən Ermənistan Silahlı Qüvvələri artilleriya atəşi ilə Tovuzdakı cəbhə xəttində təxribata əl atıb. Rəsmi məlumata görə, dörd şəhidimiz var.