Ölkə

Korona böhranı zamanı inam qələbənin yarısı yox, hamısıdır: Bəs biz niyə inanmırıq?!

Korona böhranı zamanı inam qələbənin yarısı yox, hamısıdır: Bəs biz niyə inanmırıq?!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Koronavirusla mübarizə haradan başlayır, heç düşünmüsünüzmü?

 

Koronavirusla mübarizə təkcə ölkə ərazilərində xüsusi karantin rejiminin elan edilməsindən ibarət deyil. Bu cür düşünənlər varsa, təəssüf ki, yanılırlar. Koronavirusla mübarizədə hər kəs səfərbər olmalıdır. Hər kəs deyəndə insanların fərdi yanaşmaları ilə yanaşı dövlətin bütün zəruri resurslarının hərəkətə keçməsini və tibb sahəsində çalışan elm adamlarının fəaliyyətini nəzərdə tuturam. Bir az da dəqiq desək, mübarizədə elm adamlarının rolu böyük əhəmiyyət kəsb edir.

 

Mübarizə ilkin yoluxma zəncirinin dəqiq tapılması və onun düzgün araşdırılmasından başlayır. Bu da mübarizə strategiyasının əsasını təşkil edir. Bu artıq elmi və praktik formada da sübut olunub ki, bunun üçün də Almaniyanın bu günə qədər göstərdiyi yüksək səviyyədə olan performansına baxmaq kifayətdir.

 

Ayrı-ayrı ölkələrdə koronavirusa ilkin yoluxma zəncirinin araşdırılması istiqamətində müəyyən elmi tədqiqatlar aparılıb və bəzi ölkələrdə tədqiqatlar hələ də davam edir. Bəzi tədqiqatlarda Çində ilk yoluxmanın ötən ilin dekabr ayında deyil, daha əvvəl olduğu ehtimalı müzakirə olunur. Digər tərəfdən Fransa alimləri sübut etməyə çalışıblar ki, ölkədə ÜST-nin dediyi vaxtdan da öncə, yəni dekabr ayında artıq COVID-19 xəstəsi olub. Bəs, Azərbaycanda ilkin yoluxmalar nə zaman olub? Bir tərəfdən infeksiyaya ilk yoluxmanın qeydə alındığı ÜST-nin elan etdiyi rəsmi tarixlə üst-üstə düşdüyü bildirilsə də, digər tərəfdən Azərbaycanda virusa ilk yoluxmanın daha öncədən mövcudluğu iddia olunur. Sualın cavabı isə açıq qalıb, çünki dəqiq deyil, ehtimal olunandır, buna görə də sübuta ehtiyacı var.

 

Bu gün bunu tapmaq hələ ki, gec deyil, amma sabah gec ola bilər və heç kəs hazırkı dövrdə geriyə dönüb ilk yoluxmanı müəyyənləşdirməyin çətin proses olduğunu və ya bunun səhiyyənin adına xələl gətirəcəyini düşünməsin. Bəs bunu bilməklə nə əldə edirik? Təsəvvür edin ki, əgər bizdə ilk yoluxmanın dəqiq zamanı müəyyənləşdirilsə, əhalinin, təxminən, neçə faizinin artıq yoluxduğunu və ölkənin daha neçə faizinin yoluxma təhlükəsi ilə üzləşə biləcəyini model ilə müəyyən etmək olardı. Hesab edirəm ki, bütün bu araşdırmalar və incələmələr ölkənin səhiyyə gücünün potensialını və həyata keçiriləcək zəruri qabaqlayıcı tədbirləri öncədən göstərə bilər. Bununla da səhiyyədə boşluqlar və problemlər bəlli olardı, eləcə də veriləcək iqtisadi və sosial qərarlara daha öncədən zaman qazandırmış olardı. Unutmayaq ki, əgər virus ölkələrdə rəsmi qeydə alındığı zamanlardan daha əvvəllər yayılıbsa, bu da o deməkdir ki, müxtəlif başqa xəstəliklər adı altında xeyli sayda insanın elə məhz COVID-19 virusundan ölməsi də mümkündür. İndi necə düşünürsünüz, Azərbaycanın təxminın neçə faizi virusa yoluxub və neçə faizinin yoluxma ehtimalı var? Dəqiq neçə adam COVID-19 virusundan dünyasını dəyişib? Bu sualın da cavabı açıq qalıb, çünki dəqiq deyil, ehtimal olunandır, sübuta ehtiyacı var.

 

Bütün dünyada mübarizə strategiyasının əsas məqsədlərdən biri də bilirsinizmi nədir? R0 yoluxma əmsalını dəqiq bilmək və səhiyyə sistemlərinin göstərə biləcəyi xidmətə görə ölkəyə uyğun R0 əmsalını bəlli edərək ona çatmağı məqsəd tutmaqdır. COVID-19 virusunda R0 əmsalını 1-in altına salmaq bütün ölkələrdə bir məqsəd olmağı elmi olaraq da sübut edilib. Əgər bu gün Azərbaycanda yoluxma əmsalı birin altındadırsa, demək ümumi vəziyyət çox yaxşıdır. Əgər yoluxma əmsalı 1-in üzərindədirsə və yoluxma sayı da çoxdursa, bu zaman həyəcan təbili çalmaq lazımdır və zaman keçdikcə yoluxma əmsalının necə dəyişdiyinə baxılıb ümumi vəziyyətə qiymət verilməlidir. Azərbaycanda R0 yoluxma əmsalı neçədir? Təəssüflər olsun ki, bu sualın da cavabı açıq qalıb, çünki dəqiq deyil, ehtimal olunandır, sübuta ehtiyacı var…

 

Unutmamalıyıq ki, cavabı açıq qalan suallar birdən olmasa da zamanla inamı öldürür. İnamın öldüyü zaman çərçivəsi isə pandemiyanın pik nöqtəsinə rast gələrsə, bu həmin insanların nəinki özlərinin eləcə də əzizlərinin həyatı bahasına başa gələ bilər. Özünü dərk edən insan da bilir ki, inam qələbənin yarısı yox, elə hamısıdır! Qalib olmaq istəyiriksə, inandırmalıyıq, nəyin bahasına olursa olsun yox, elə məhz cavabı açıq qalan sualların cavabı ilə inandırmalıyıq!

 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev

 

DiasporPress.az