İsrail hərbçiləri Fələstinin Baş naziri Məhəmməd İştiyyeni və hökumət nümayəndələrinin olduğu avtomobil karvanını İordan vadisinə buraxmaqdan imtina ediblər.
Bu barədə “Al-Quds” nəşri məlumat yayıb.
Yazıda qeyd olunur ki, Baş nazir və hökumət üzvləri Fəsail kəndində İordan vadisinin İsrail tərəfindən ilhaq prosesinin dayandırılmasına dair müzakirələrin aparılması üçün yollanıb.
Lakin İsrail hərbçiləri hökumət üzvlərinin hərəkətinə mane olmağa çalışıb. Nəticədə, avtomobildən enən Baş nazir Məhəmməd İştiyye və hökumət üzvləri toplantının keçirildiyi kəndə piyada getməli olublar.
Qeyd edək ki, İsrail yaxın zamanlarda işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisinin və sonradan salınan 121 massivin üzərində suverenliyini elan etməyi planlaşdırır. Adıçəkilən ərazilər ABŞ Prezidenti Donald Trampın “Əsrin Sazişi” planında da İsrailin ərazisi kimi təqdim edilib.
DiasporPress.az