İsmayıllıda yaşayan yaşlı ər-arvad 22 günün içində iki oğlunu və bir qızını koronavirusdan itirib.
DiasporPress.az-ın “baku.ws”ə istinadla verdiyi məlumata görə, əvvəlcə Bakıda yaşayan böyük qardaş Mustafayev Azər Bəyoğlan oğlu (28.04.1970 təvəllüdlü) 1 iyun tarixində yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasında vəfat edib.
Onun ölümündən 3 gün sonra – 4 iyunda kiçik qardaş Mustafayev Aqşin Bəyoğlan oğlu (29.06.1974) yerləşdirildiyi Ağciyər İnstitutunda virusla mübarizəyə davam gətirməyib.
Hər iki qardaş doğulub-böyüdükləri İsmayıllıda dəfn edilib. Sumqayıtda yaşayan Mustafayeva Yaqut Bəyoğlan qızı (04.11.1971) qızları ilə birlikdə qardaşlarının yasında iştirak edib. Qardaşlarının 7 mərasimindən sonra evinə qayıtmaq planı baş tutmayıb. Virusa yoluxduğu üçün elə orada xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və ciyərlərində buz parçasının olduğunu deyiblər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasında bir gün qaldıqdan sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Onunla birlikdə atası Mustafayev Bəyoğlan Xanalı oğlu (10.03.1941), anası Mustafayeva Salatun Qoçu qızı (05.05.1948) və əkiz qızları Mirzəliyeva Xumarə və Çinarə Şahin qızları (20.01.1997) Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Valideynlərdən və Yaqut xanımın qızlarından test götürülüb, lakin onlarda virus aşkarlanmayıb.
49 yaşlı Yaqut Mustafayeva 10 gündən sonra – 22.06.2020-ci il tarixində yerləşdirildiyi xəstəxanada vəfat edib. Onu dəfn etmək üçün valideynlərini xəstəxanadan evə buraxıblar.
22 günün içində üç övladını itirən atanın şəkəri qalxıb. Xanımı və nəvələri onun vəziyyətinin ağırlaşdığını görüb İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin xəstəxanada gözləmədikləri reaksiya ilə qarşılaşıblar. 79 yaşlı ata, 72 yaşlı ana və 23 yaşlı gənc qızlar xəstəxanadan qovulub.
Salatun xanım açıqlamasında xəstəxananın kordioloqu Ağayev Firudin tərəfindən qovulduğunu bildirdi:
“Yoldaşım şəkər xəstəsidir. Şəkəri 580-ə qalxdı. Mən, həyat yoldaşım, iki nəvəm xəstəxanaya getdik. Əvvəlcə kordioloq Ağayev Firudinin yanına getdik. Nə məndə, nə də yoldaşımda koronavirus əlamətləri yoxdur. Ağdaş rayon Xəstəxanasında bizdən götürülən test cavabı da neqativ çıxıb. Buna baxmayaraq bizə yaxın düşməkdən qorxdular. Bizi görən kimi içəri girib qapını bağladı. Sonra bizi rentgen şöbəsində müayinə edəcəkdilər. Otaqda rentgen həkimi, bir tibb bacısı, bir də digər əməkdaş var idi. Firudin həkim onların yanına gəldi, onlara nə dedisə, rentgen otağının qapısını bağlayıb bizi qovdular. Dayandığımızı görüb bizi qovmaq üçün polis çağırdılar. Firudin həkim “Aman Allah, hamı içəri girib qapını bağlasın” deyib qışqırırdı. Kor-peşiman evə qayıtdıq. Öz pulumuzla belə müalicə etmirlər. Biz nə edək?
İsmayıllı Mərkəzi Xəstəxanasının baş həkimi Rəhimov Vidadi Hənnan oğlu mənim şagirdim olub. Ona zəng vurub dedim ki, axı biz nə edək. Cavab verdi ki, evə təcili tibbi yardım göndərəcək. Hələ gözləyirik”.
İki oğlunu və bir qızını itirən atanın vəziyyəti ağır olaraq qalıb. Bir tərəfdə də koronavirusun öldürdüyü övladlarının başsız qaldığı yeniyetmə uşaqları… Baba onlara sahib çıxmaq üçün yaşamaq istəyir…