İranın İqtisadi İşlər və Maliyyə naziri, İran-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Fərhad Dejpəsənd Azərbaycan Baş nazirinin müavini, komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.
F.Dejpəsənd telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulayıb və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə Ş.Mustafayevə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı kömək nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələr genişlənib və güclənib.
İranın İqtisadi İşlər və Maliyyə naziri azərbaycanlı həmkarını ölkəsinə dəvət edib və ümidvar olduğunu bildirib ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.
F.Dejpəsənd Şimal-Cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, ölkəmizin giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı bəzi problemlərdən söhbət açıb. O, problemin həlli üçün Ş.Mustafayevdən kömək istəyib.
Ş.Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirib:
“Koronavirus ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işə götürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb”.
O, İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirib ki, hər bir mövzunu müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq.
DiasporPress.az