Ölkə

Gəncədə karantin rejimi ilə əlaqədar reyd keçirilib – Fotolar

Gəncədə karantin rejimi ilə əlaqədar reyd keçirilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Gəncədə sərtləşdirilmiş karantin rejimi tədbiq olunur.

DiasporPress  xəbər verir ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun iştirakı ilə növbəti reyd baş tutub. Niyazi Bayramov və Əkbər İsmayılov şəhərdə fəaliyyət göstərən iri market və mağazalara baş çəkib, qeyd olunan məkanlarda sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbərliyi apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb.

Reyd zamanı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbət aparılıb və tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Bununla yanaşı polis tərəfindən sakinlərin çölə çıxmaq üçün müvafiq icazələri yoxlanılıb, ayrılan 2 saatlıq vaxtdan sui-istifadə etməmək tövsiyyə olunub. Sərtləşdirilmiş karantin rejiminin qaydalarına uyğun olmayaraq, icazəsiz çölə çıxan şəxslər barəsində isə müvafiq qaydada tədbir görülüb.

Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində həyata keçirilən dezinfeksiya işlərinin həcmi genişləndirilib.

Niyazi Bayramovun tapşırığına əsasən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir. Belə ki, ötən gün axşam saatlarında Koronavirusa Qarşı Mübarizə Qərargahı və Gəncə Baş Polis İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə 3 istiqamətdə reyd reallaşıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis-polkovniki Oktay Süleymanlı şəhərin müxtəlif ərazilərində olub, sakinlərlə maarifləndirici söhbətlər aparıblar.