Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”

Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənc qızların gözəlləşmək üçün bıçaq altına uzanmalarını qəbul etmirəm. Buna çox pis baxıram və əleyhinəyəm. Onları bu addımlarına görə, o qədər döyərəm ki…”

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Nüşabə Ələsgərli deyib.

Gənc xanımların plastik və estetik cərrahiyyə əməliyyatı “sevdaları” bəzən uğurlu, bəzən də ağır fəsadlarla, ölümlə nəticələnə bilər. Belə ki, bir neçə gün öncə 24 yaşlı Turanə Musazadə keçirdiyi omba əməliyyatı zamanı dünyasını dəyişib.

Gözəlləşmək üçün ən təhlükəli yolu seçən gənc xanımları Əməkdar artist tənqid edib:

“Hamınız əməliyyat olunmaq üçün sıraya düzülmüsünüz. Cavanlıq özü bir gözəllikdir. Gəncsiniz, gözəlsiniz, bu addımı atmağa ehtiyac yoxdur. Əgər ehtiyac yaranarsa, anadangəlmə qüsur olarsa, o zaman əməliyyata getmək olar. Mən bu qızları başa düşmürəm, düşmək də istəmirəm.

Mənim yaşımda olan xanımlar plastik əməliyyat oluna bilər. Üzdəki qırışları, göz kənarındakı artıq ətləri aradan qaldırmaq yaşlı xanım üçün normal haldır”.

Blefaroplastika əməliyyatı keçirən N.Ələsgərli inyeksiyalardan qorxduğunu və bu cür estetik prosedurlara müraciət etmədiyini bildirib:

“Plastik əməliyyatı yalnız üzümdə etdirə bilərəm. Bir neçə il öncə blefaroplastika əməliyyatı keçirmişəm. Piy aldırma əməliyyatı o qədər ağırdır ki, çox qorxuram. Ağrıya dözümsüz insanam. Adicə üzə vurulan inyeksiyalara dözümüm yoxdur. Ona görə belə prosedurlara getmirəm. İnsanlar ağızlarını bağlasalar, arıqlaya bilərlər. Heç əməliyyata da ehtiyac qalmaz. Buna sübut elə özüməm. Kifayət qədər arıqlamışam”.