Dörd yaşlı qızın ölümündə ittiham olunan və edam hökmünü gözləyən kişinin 28 ildən sonra təqsirsizliyi sübut olunub.
Bu barədə “The Mirror” xəbər yayıb.
Məlumata görə, 1988-ci ilin iyul ayında ABŞ-ın Filadelfiya ştatında dörd yaşlı Barbara Cin Hornun cəsədi tapılıb. Dörd il sonra isə uşağın ailəsinin qonşuluğunda yaşayan Uolter Oqrod qətl ittihamı ilə həbs olunub. Həmin vaxt Oqrodun 23 yaşı olub və o, çörək sexində sürücü işləyib.
1996-cı ildə təkrar məhkəmə prosesində autizmdən əziyyət çəkən kişi qətldə və Hornla cinsi təmasa cəhddə təqsirli bilinib.
2020-ci ilin yanvar ayında aparılan testlər zamanı hadisə yerindən tapılan nümunə ilə Oqrodun DNT-sinin üst-üstə düşmədiyi məlum olub. İndi də prokurorlar iddia edirlər ki, onun qətldə əlinin olması sübut edilməyib. Bu səbəbdən Oqrodun barəsində ittiham və ölüm hökmü ləğv olunub.
Məhkəmə müəyyən edib ki, Oqrodun yalan etiraflarında hüquq mühafizəçilərinin əli var.
“Təəssüf edirəm ki, etiraf sözlərinin sizin deyil, polislərin yazdığını anlamaq üçün bizə 28 il lazım oldu”, – deyə prokuror Kerri Vud bildirib.
Oqrodun vəkili Ceyms Rollins müvəkkilinin azadlığa çıxacağı üçün çox sevindiyini bildirib.