Azərbaycan Pauerliftinq İdman Federasiyasının Prezidenti Ələddin Əliyev və
həmin qurumun dünya və Avropa çempionu olmuş idmançıları ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıblar.
DiasporPress.az həmin müraciəti təqdim edir:
“İyulun 12-dən başlayaraq bir neçə gün ərzində təcavüzkar Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonundan keçən hissəsində dövlət sərhədini pozaraq təxribat törətmiş, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə məxsus mövqeləri, eləcə də əraziləri ələ keçirmək məqsədilə hücum cəhdi göstəriblər. Bundan başqa, Tovuz rayonunun sərhədyanı kəndlərini atəşə tutaraq, mülki əhalinin həyatına və əmlakına qəsd edilib.
Nəticədə, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov, eləcə də, başqa yüksək rütbəli zabitlər, gizirlər və müddətdən artıq xidmət etmiş əsgərlər mövqelərimizi düşməndən müdafiə edərkən qəhrəmancasına həlak olub, yaralılarımız var.
Həmçinin, yaşayış məntəqələrinin və mülki obyektlərin ağır artilleriya qurğularından və minaatanlardan atəşə tutulması nəticəsində bir mülki Azərbaycan vətəndaşı həyatını itirib, mülki təsərrüfatlara və obyektlərə ciddi ziyan dəyib. Allah şəhidlərimizə rəhmət eləsin!
Sizin komandanlığınız altında düşmənə layiqli cavab verilib, təcavüzkar Ermənistan ordusunun onlarla əsgər və zabiti məhv edilib, atəş nöqtələri, hərbi obyektlər və hərbi infrastruktura aid obyektləri və vasitələri darmadağın edilib, işğalçı geri oturdularaq şəhidlərimizin qisası alınıb.
Həmişə olduğu kimi, Ermənistan tərəfi öz itkilərini gizlətsə də, vətəndaşlarının mediada və sosial şəbəkələrdə yaydıqları məlumatlardan da göründüyü kimi, 100-dən artıq düşmən hərbçisi sıradan çıxarılıb.
Düşmən tərəfin nümayəndələrinin yaydığı videogörüntülərdən də görünür ki, işğalçı ordunun əsgər və zabitləri döyüş mövqelərindən və hərbi hissələrdən qaçır, cəbhəyanı bölgələrdəki öz yaşayış məntəqələrini boşaldırlar.
Ancaq bu çətin günlərdə, düşmənin intensiv atəşinə baxmayaraq, Azərbaycanın sərhədyanı bölgəsindəki əhali bir addım da kənara atmadı, ordumuza və dövlətimizə, Ali Baş Komandana güvəndiyini bir daha ortaya qoydu.
Baş verən bu hadisələr bütün xalqımız kimi, idman ictimaiyyətini də çox hiddətləndirib. Möhtərəm Prezident, cənab Ali Baş Komandan, həmişə olduğu kimi, bu məsuliyyətli günlərdə idmançılar sizin rəhbərliyiniz altında dövlətimizə, dövlətçiliyimizə sadiqdir və Vətənin müdafiəsi üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
Buna görə də biz müvafiq strukturlarda qeydiyyatdan keçərək, Silahlı Qüvvələrin sıralarında könüllü olaraq xidmətə və Sizin əmriniz olduğu təqdirdə torpaqlarımızı işğaldan azad etməyə və qorumağa hər zaman hazır olduğumuzu bildiririk.
Azərbaycan Pauerliftinq İdman Federasiyasının Prezidenti Ələddin Əliyev
Federasiyanın Dünya və Avropa çempionu idmançıları:
Ağayev Rüfət
Namazov Vüqar
Verdiyev Hafiz
Əsgərov Seymur
Hüseynov Razim
Ağayev Bəhlul
Xəlilov Rövşən
Əhmədov Ramil
Müzəffərov Elvin
Əliyev Bayram
Ağalarov Vüsal