“Azərbaycan təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da nümunə ölkədir”.
Bunu Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı bildirib.
“Vaxtilə yəhudi icması sinaqoq tikəndə və yaxud təmir etdirəndə vəsaitləri olmazdı. Müsəlman imamı, müsəlman icmasının lideri şəxsən məsələyə qarışaraq sinaqoqu təmir etdirmək üçün əlavə vəsait tapmağa kömək edirdi. Bu cür hadisələr dilə gətirilməlidir. Bu məsələyə dair dünyada yaxşı xəbərlərin çox olduğunu daha əvvəl demişdim.
Həqiqətən, dünya üzrə, o cümlədən, Yaxın Şərqdə, müsəlman dünyasında, Avropada xeyli yaxşı xəbərlər var. Biz də, həqiqətən, bu hadisələri dilə gətirməliyik. Çünki bunlar hamımızın can atdığımız mehriban gələcəyə, yəni təkcə tolerantlığın yox, müxtəlif milli və etiqad icmaları arasında hörmətin olacağı gələcək üçün mühüm ilham mənbəyidir”, – Ağ Ev rəsmisi deyib.