“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olması ölkəmizdə ordu quruculuğuna, hərbçilərin döyüş qabiliyyətinin artırılmasına və onların məişət problemlərinin həllinə olan diqqət və qayğının göstəricisidir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O deyib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ölkədə ordu quruculuğu gücləndirilib. Deputat qeyd edib ki, hər il dövlət büdcəsindən orduya ayrılan vəsaitin miqdarı artırılır: “Bunun nəticəsində ordunun maddi-texniki bazası gücləndirilib, Azərbaycan dünyanın hərbi sənayesi inkişaf etmiş ölkələrindən ən müasir silah-sursat, texnika alıb. Bundan başqa, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Müdafiə Nazirliyinin hərbi qulluqçuların və mülki əməkdaşlarının əməkhaqqları mütəmadi artırılır. Ordumuz il ərzində bir neçə dəfə genişmiqyaslı təlimlər keçirir. Həmin təlimlərdə ən müasir silah və texnikalar nümayiş etdirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Eyni zamanda hərbçilər təlimlərdə yeni bilik və bacarıqlara yiyələnirlər, müasir silah və texnikanı daha dərindən mənimsəyirlər”.
Milli Məclisin deputatı Ülvi Quliyev:
“Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır”.
Ü.Quliyev vurğulayıb ki, bütün bunların nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib: “Ordumuz dünyanın əlli ən güclü silahlı qüvvələri sırasındadır. Ən əsası isə Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə üstündür. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır və qadirdir”.
Ü.Quliyevin fikrincə, ordu sistemində müşahidə olunan ən vacib dəyişikliklərdən biri də yeni hərbi hissələrin tikintisi, köhnə tikililərdə yerləşən hərbi hissələrin əsaslı təmir olunaraq istifadəyə verilməsidir: “Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yeni hərbi hissədə olub. Bu hərbi hissə cəbhə bölgəsində yerləşir”.
“Cənab Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfər etməsi təsadüfü deyil. Çünki Ermənistan torpaqlarımızın 20 faizini işğal edib və işğala son qoymaqdan boyun qaçırır. Düşmənə dərs vermək, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzu daimi gücləndirməliyik, döyüş qabiliyyətini artırmalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu iş çox uğurla həyata keçirilir. Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır. Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, sülh danışıqları nəticə verməsə müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Ermənistan rəhbərliyi bu mesajdan nəticə çıxarmalıdır”.
DiasporPress.az