2 noyabr 2020-ci ildə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında Ermənistan-Azərbaycan münaqişəsinə dair dinləmələr keçirilib.
Diasporpress.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, bu müzakirələr Palatanın qatı ermənipərəst mövqeyi ilə seçilən üzvü Baronessa Koks tərəfindən hökumətə ünvanlanmış sorğu əsasında baş tutmuşdu.
Koks ABŞ-da fəaliyyət göstərən “Genocide Watch” adlı QHT-nin bu yaxınlarda guya Dağlıq Qarabağ əhalisinə qarşı Azərbaycan tərəfindən soyqırım həyata keçirilməsi təhlükəsinə dair bəyanatına istinad edərək, Britaniya hökumətinin bu bəyanata münasibət bildirməsini tələb etmişdi. Baronessa Koks Britaniya hökumətini Ermənistan tərəfindən iddia olunan hərbi cinayət və beynəlxalq humanitar hüququn pozulması hallarının beynəlxalq səviyyədə araşdırılması, guya Azərbaycan tərəfindən fosforlu silah da daxil olmaqla qadağan edilmiş silahların münaqişə zonasında istifadə edilməsinə dair daxil olan məlumatlara münasibət bildirməyə çağırmışdı.
Bu sorğu ilə bağlı 800-ə yaxın üzvü olan Lordlar Palatasında təşkil olunmuş debatlarda Palatanın cəmi 13 üzvünün iştirak etməsi Baronessa Koksun qaldırdığı məsələlərə Britaniya ictimaiyyətində geniş marağın olmadığını göstərdi. Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından etibarən davamlı olaraq Ermənistan maraqlarının lobbiçisi kimi tanınan xanım Koks bu illər ərzində Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edib və vaxtaşırı Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarının fəal iştirakçısı kimi tanınır. Baronessa Koks vaxtilə Dağlıq Qarabağa bitişik 7 rayonun işğal olunmasını dəstəkləmiş və bu ərazilərin Azərbaycan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində azad oluna biləcəyi haqqında mətbuata açıqlama vermişdi.
Palata üzvləri tərəfindən Türkiyənin münaqişədəki roluna, Britaniya hökümətinin bu münaqişənin həllində oynadığı və ya oynaya biləcəyi roluna, aparılan hərbi əməliyyatlarda qadağan olunmuş silahlardan istifadə olunması ehtimalına hökümətin münasibəti, münaqişə tərəfləri ilə hərbi-texniki əməkdaşlığın cari durumu, eləcə də Dağlıq Qarabağın gələcək statusuna dair Britaniya hökümətinin mövqeyi haqqında suallar səsləndirilib.
Palata üzvlərinin suallarını Böyük Britaniya Xarici İşlər nazirinin müavini Baronessa Saq cavablandırıb. Lordların suallarına ətraflı cavab verən XİN-nin müavini, B.Saq Türkiyənin NATO-nun vacib üzvü olduğunu və müxtəlif qlobal çağırışlarla mübarizənin ön sıralarında dayandığını qeyd edərək mövcud münaqişə ilə bağlı Türkiyə ilə daimi təmasda olduqlarını bildirib.
B.Saq vurğulayıb ki, Türkiyənin bölgədəki nüfuzundan istifadə etməklə münaqişənin dayandırılması və sülh yolu ilə həll edilməsi üçün Britaniya höküməti Türkiyəyə bütün lazımi köməkliyini göstərir. Britaniya hökümətinin rəsmisi onu da qeyd edib ki, münaqişə tərəflərinə silah satışının məhdudlaşdırılmasına dair ATƏT tərəfindən qəbul olunmuş müvafiq sənədlər var və buna görə də hər hansı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur.
Müzakirələrdə həmçinin Dağlıq Qarabağ ərazisinin Kosovo nümunəsi əsasında statusunun tanınmasının mümkünlüyü haqqında sual səsləndirilib. XİN rəsmisi bəyan edib ki, Dağlıq Qarabağın mümkün gələcək statusu ilə bağlı prinsiplər ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış Baza Prinsiplərində öz əksini tapıb və Böyük Britaniya höküməti hesab edir ki, bölgənin yekun hüquqi statusu Baza Prinsiplərində əks olunduğu kimi gələcəkdə azad şəkildə ifadə ediləcək səsvermə yolu ilə müəyyənləşdirilə bilər. Böyük Britaniya höküməti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün ATƏT-in hazırladığı Baza Prinsiplərini dəstəkləyir.
Müzakirələrdə iştirak edən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvü Lord Addinqton da məsələyə münasibət bildirib və Ermənistanın Azərbaycan torpaqlarının işğal olunmasında günahkar olduğunu müzakirə iştirakçılarının diqqətinə çatdırıb. Lord Addinqton ABŞ-ın “Genocide Watch” təşkilatının qiymətləndirməsinə istinad edərək bildirib ki, qarşıdurmanın davam etdiyi uzun illər ərzində Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsi haqqında çoxsaylı iddialar var.
Məlumat üçün bildirək ki, ABŞ-nın “Genocide Watch” təşkilatı elə bu yaxınlarda Ermənistana müraciət edərək, Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətləri, xüsusilə də Xocalı qətliamındakı rolunu etiraf etməyə dəvət etmiş, itirilmiş mülklərinə görə azərbaycanlı məcburi köçkünlərə Ermənistan tərəfindən təzminat ödəməyə çağırmışdı.
Beləliklə, düşmən tərəfin xahişi ilə Milli Ordumuz tərəfindən Dağlıq Qarabağ ərazisində aparılan hərbi əməliyyatların Lordlar Palatasında müzakirəyə çıxarılmasına nail olan Baronessa Koks bu dəfə də erməni dostlarının ümidlərini doğrulda bilmədi. Beynəlxalq Hüquq normaları əsasında, humanitar qaydalara riayət olunmaqla Azərbaycan tərəfindən aparılan sülhə məcbur etmə əməliyyatlarını “növbəti erməni soyqırımına cəhd” kimi qələmə vermək və Azərbaycana qarşı hər hansı sanksiyaların tətbiqinə nail olmaq cəhdləri iflasa uğradı.
Azərbaycanın haqlı mövqeyi, münaqişənin sülh yolu ilə həll olunmasına səmimi münasibəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə vaxtında və keyfiyyətli şəkildə çatdırılması, müasir dünya standartlarına uyğun olaraq təşkil olunmuş Milli Ordumuzun nüfuzu və Azərbaycan Prezidenti İlham Əliyevi qətiyyətli və prinsipial siyasəti növbəti dəfə öz bəhrəsini verdi.
Diasporpress.az