Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə, 30 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb.
Onun idarə etdiyi maşına keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana, 4 kiloqram 25 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.