Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin nümayəndələri ilə birgə Bərdə rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 80 ünvanında yaşayan Həsənov Tapdıq Qarakişi oğluna məxsus həyətyanı sahədə reyd keçirib.
AQTA-dan verilən məlumata görə, reyd zamanı həyətyanı sahədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək gizli qaydada qanunsuz şəkildə saxta üsulla müxtəlif brend markalı “Banketnaya”, “Belıy Volk”, “Şanbala”, “Mamedoff”, “Qu quşu”, “White Water”, ”Disaronno”, ”Xortitsya”, “Xəzri”, “Oryol”, “Nemiroff”, “Nemiroff Delikat”, “Badikubə”, “Kazyonka”, “Maiden tower”, “Az Granata”, “Glacier Melt”, “Napoleon”, “Rada”, “Cristal”, “Berkut Vodka”, “Akula”, “Medallion”, “Grand vodka”, “Zolotoye Koltso”, “Qubernator bağı”, “Stumbars”, “Yakor” və s. əmtəə nişanlı yerli, habelə xarici ölkə istehsalı olan alkoqollu içkilər hazırlanaraq, satışının həyata keçirildiyi aşkar olunub.
Reyd zamanı ümumi sayı 68 ədəd aksiz markalı, üç ədəd aksiz markasız müxtəlif həcmli saxta alkoqollu içkilər, 24 ədəd xammal kimi istifadə olunan hər biri bir litr həcmində olan 95%-li tibbi spirt, 88 ədəd saxta aksiz marka, 17 ədəd saxta “Mamedoff” etiketləri və müxtəlif brend markalı içkilərə məxsus 308 ədəd boş alkoqollu içki butulkası və 378 ədəd qapaq, habelə saxta alkoqollu içkilərin hazırlanmasında su ilə spirtin qarışdırılmasında istifadə edilən plastik çəllək aşkarlanaraq, müsadirə edilib.
İçkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda, qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.