İyulun 12-də saat 06:00 radələrində Bərdə rayonunun Otuzikilər kəndinin sakini, 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq, xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Bu barədə Diasporpress.az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, daxil olan müraciət əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən, digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.