Sosial şəbəkələrdə paytaxtın Nizami və Nəsimi rayonlarının ayrı-ayrı ərazilərində içməli suyun verilişində problemin yaranması ilə bağlı paylaşımlar edilib.
Məsələ ilə bağlı DiasporPress.az-a açıqlama verən “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib ki, buna səbəb ötən gün Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəzanın baş verməsidi.
“Biz qəzanı gecə saatlarında aradan qaldırdıq, suyun verilişini bərpa etmişik, amma Nəsimi və Yasamal rayonlarının bir qismində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarının bir hissəsində təzyiq problemi var. Rejimlərin tənzimlənməsini həyata keçiririk, çünki xətlərimiz, anbarlarımız dünən gecə boşalmışdı.
Nizami rayonuna gəldikdə isə, qeyd etmək istərdim ki, 24 saat su alan ərazilərdə biz gündüz saatlarında suyu saxlayıb, anbar ehtiyatları toplayırıq. Yəqin ki, Nizami rayonunun 24 saat su alan ərazilərində bu problem var”, – Cəbrayıllı deyib.