Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Edqar adlı şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs, paytaxt sakini Edqar Abdullayev Nəsimi rayonu ərazisində tutulub. Onun Biləcəri qəsəbəsində qeydiyyatda olduğu evə baxış keçirilən zaman bir ədəd “WALTER” markalı tapança, bir ədəd daraq və yeddi ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Edqar Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
DiasporPress.az