Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində mövcud xüsusi karantin rejimi dövründə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilməkdədir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən DiasporPress.az-a verilən məlumat görə, Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyul ayının 18-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti 8-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Axşama kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Ənənəvi olaraq geniş dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan 11 mindən çox yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.