Azərbaycanda daha iki bank bağlandı – RƏSMİ

Azərbaycanda daha iki bank bağlandı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları ləğv edilib.

Bununla bağlı Mərkəzi Bank məlumat yayıb.

Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub.

“NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır.

Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.

“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olub.

30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən, “AGBank” ASC-nin və “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən, “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır.

Lisenziyası geri alınmış dörd bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də, əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib.

Mayın 1-dən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq tam kompensasiya olunacaq.

Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.

 

DiasporPress.az