Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinə əsasən, 15 mal qrupu üzrə hər iki ölkə arasında kvota müəyyənləşir. Eyni zamanda, 15 mal qrupu üzrə rüsumun sıfıra endirilməsi nəzərdə tutulur.
DiasporPress.az həmin məhsulların siyahısını əldə edib.
Türkiyə Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan mənşəli bəzi malların siyahısına tətbiq olunacaq kvotanı təqdim edirik:
“Chester”, “Parmessan”, “Dutch” və oxşar pendirlər, həmçinin, saçaq pendir üçün kvota 100 ton nəzərdə tutulur;
Süfrə növlərinə 3500, gavalı və göyəmə 3000, xurmaya isə 30 min ton kvota müəyyən edilir;
İlkin qablaşdırmalarda çəkisi 3 kiloqramdan çox olmayan qara çay üçün kvota 300 tondur;
Sazişə əsasən, ağ şəkərə 5000, xiyar və kornişona 500, diabet xəstələri üçün məhsullara, fındıq, alma, ərik və gavalı püresinə, alma kompotuna 3000 ton kvota tətbiq olunacaq.
Azərbaycan Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Türkiyə mənşəli bəzi məhsulların da siyahısını təqdim edirik:
İçlikli və içliksiz şəkərli karamelinə 1500 ton, toffi, digər karamel və analoji şirniyyatlara 4000 ton, preslənmiş həblərə 200 ton, şokolad minasına 500 ton, tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzedicilərinə 1500 ton kvota nəzərdə tutulur.
Preferensial rejim nədir?
Sənəddə qeyd olunur ki, preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.
Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov bildirib.
Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da bura daxildir.
Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək.
Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Sözügedən saziş bu il fevralın 25-də Bakıda imzalanıb.
Sənəd Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.