Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 22-də saat 15:30 radələrində DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində üç nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, silah tətbiq olunub və sərhəd pozucularından biri yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub, lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində ümumi çəkisi iki kq olan həşiş qatranına bənzər narkotik vasitə, bir ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, altı ədəd patron, bir ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.
İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.
Hazırda DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.