Sumqayıt şəhər 8 saylı nəqliyyat departamentində çalışan avtobus sürücüləri qarşılaşdıqları problemlə bağlı redaksiyamıza müraciət edib.
Şikayətçilər DiasporPress.az-a bildirib ki, 5 avtobus sürücüsü koronavirusla mübarizə aparan həkimlərin daşınmasına cəlb olunub və onlara bu səbəbdən maaşlarına əlavə ediləcəyi bildirilib. Ancaq indi departamentdən əlavələrin olmayacağı söylənilib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həmin sürücülərə aylıq məvacibdən kənar ödəmənin olunması ilə bağlı öncədən heç bir öhdəlik olmayıb:
“Sumqayıt şəhərində fəaliyyət göstərən koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda çalışan tibb işçilərinin oteldə yerləşdirilməsi, səhər və axşam saatlarında oteldən işə, işdən otelə aparılması Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur. Sumqayıt şəhər Nəqliyyat Departamentindən bu məqsədlə 5 nəqliyyat vasitəsi ayrılmışdı. Həmin avtobuslar və sürücülər gün ərzində iki dəfə, səhər və axşam saatlarında yalnız bu xidməti göstərmək üçün təhkim olunublar. Avtobuslar hər gün dezinfeksiya olunur, qoruyucu vasitələrlə təmin olunurlar.
O ki, qaldı əməkhaqqı məsələsinə. Həmin sürücülər Sumqayıt şəhər Nəqliyyat Departamentinin əməkdaşları kimi aylıq məvaciblərini alırlar, onlar koronavirus xəstəliyi olan şəxsləri deyil, tibb işçilərinin gündəlik iki dəfə işdən otelə, oteldən də işə aparılmasını təmin edirlər. Aylıq məvacibdən kənar ödəmənin olunması ilə bağlı öncədən heç bir öhdəlik olmayıb”.