Bu gün Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı 2019/2209(INI) nömrəli qətnamə qəbul edib.
Əvvəllər ölkəmizin ən ciddi tənqidçilərindən biri, Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.
AZƏRTAC xəbər verir ki, budəfəki sənədi elə preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı 2009/2216(INI) nömrəli qətnaməsinə istinad edilir. Bizim yaxşı yadımızdadır, bu tarix erməni diplomatiyasının tarixinə qara gün kimi daxil olub.
Qətnamədə iki dəfə – 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. On il bundan əvvəl həmin qətnaməyə bir istinadda Avropa Parlamentinin Cənubi Qafqazda münaqişələrə öz münasibətini bir daha bildirməli və təsdiqləməli olduğu ciddi sərhədlər göstərilmişdi. Bir daha xatırladaq ki, həmin qətnamədə Avropa Parlamenti regiondakı üç dövlətin ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə ifadə edib, erməni tərəfinin manipulyasiya etdiyi “təyini-müqəddərat hüququ”nun adını bircə dəfə də çəkməyib və beləliklə erməni şərhçiləri bu sənədi istədikləri kimi interpretasiya etmək imkanından məhrum edib.
Avropa Parlamentinin bu gün qəbul edilmiş yeni qətnaməsi Ermənistanın diplomatik fiaskolar seriyasının davamı olub. Bu dəfə də “təyini-müqəddərat hüququ” barədə bircə kəlmə də yoxdur. Burada qeyd etmək lazımdır ki, buna heç də asanlıqla nail olunmayıb. Avropa Parlamentinin Kiprdən və Yunanıstandan olan üzvlərinin timsalında erməni lobbisi iki dəfə qətnamənin mətninə xilaskar “təyini-müqəddərat” saman çöpünü daxil etməyə cəhd göstərib (onlar anlamadılar ki, bu, Kipr məsələsində bumeranq kimi onların özünə zərbə ola bilər).
Əvvəlcə, 2017/2130(INI) nömrəli qətnamədəki ifadəni sözbəsöz təkrar edən (yəni münaqişənin nizamlanmasının üç prinsipini sadalayan) düzəliş etməyə cəhd göstərildi, bu cəhd baş tutmayandan sonra elə həmin deputatlar mətnə sadəcə 2017-ci il qətnaməsinə istinad daxil etməyə çalışdılar. Onu da deyək ki, ikinci cəhd məkrli şəkildə – cümə günü axşam, Komitədə səsvermə ərəfəsində göstərildi. Görünür, onlar ümid edirdilər ki, iş həftəsi başa çatandan sonra həmkarları evlərinə gedəcək və sonuncu dəqiqədə “dürtülmüş” düzəlişi heç kəs ləğv etməyəcək. Lakin avropalıların xoşməramlı jestindən Ermənistanın sui-istifadə etməsi kimi acı təcrübədən dərs almış Komitə üzvləri hər iki dəfə prinsipiallıq göstərdi və lobbiçilərin bu kələklərini rədd etdi.
Bu gün qəbul edilmiş qətnamənin qiymətli cəhəti ondan ibarətdir ki, bu sənəd mövcud oxşar münaqişələrə fərqli yanaşma tətbiq etməyin yolverilməz olmasını dünya birliyi tərəfindən get-gedə daha çox başa düşülməsini əks etdirir. Gəlin xatırlayaq, Ukrayna, Gürcüstan və Moldovada münaqişələrə münasibətdə ərazi bütövlüyünün həmişə dəstəklənməsi bildirildiyi halda Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, “ATƏT-in Minsk qrupunun səylərinin dəstəklənməsindən” danışılır, bu cür yanaşma bizi həmişə məyus edir, erməniləri isə, əksinə, sevindirirdi. Bugünkü qətnamə dünya birliyinin oxşar təbiətli münaqişələrə münasibətdə dualizmdən uzaqlaşmasını göstərən aşkar faktdır.
Doğrudur, sənədin (b r) bəndində ATƏT-in Minsk qrupunun səylərinin dəstəklənməsindən danışılır, lakin burada ermənilərin çox xoşladığı üç prinsipi amorf şəkildə təkrarlamadan münaqişənin BMT Nizamnaməsində və 1975-ci il Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüquq normaları əsasında nizamlanmasının zəruriliyi vurğulanır. Bu norma və prinsiplərin məzmunu, xüsusən təyini-müqəddərat məsələsində onların reallaşması çərçivələri nədən ibarətdir – qoy ermənilər zəhmət çəkib bu sənədlərə müraciət etsinlər. Hərçənd, Helsinki sənədinin mövcud olması barədə susmalarına görə şübhə etmirik ki, onlar həmin sənədi diqqətlə öyrəniblər və xalqların təyini-müqəddərat hüququnun reallaşdırılması üçün bu sənəddə göstərilən meyarları çox yaxşı bilirlər.
Yeri gəlmişkən, indi biz qətnamənin ən maraqlı məqamlarına keçirik. Məsələnin mahiyyətini tam anlamaq üçün sənədin mətnini göz qabağında tutmaq yaxşı olar. Beləliklə, preambulun M. bəndi xüsusi diqqət, ən başlıcası – sətirlər arasında mənanı oxumaq bacarığı tələb edir. Göründüyü kimi, bu bənd iki hissədən ibarətdir – nöqtəli vergülə (;) qədər və ondan sonra. Həqiqətən, nəzərdən keçirilən bənddə bu durğu işarəsi çox vacib və Ermənistan üçün çox xoşagəlməzdir, çünki “;” işarəsi təhlil olunan bəndin birinci və ikinci hissələri arasında bir növ ayırıcı hədd kimi xidmət edir və dəqiq ismarıc göndərir ki, sənədin bu bəndinin həmin iki hissəsini həm ayrılıqda, həm də ümumi kontekstdə nəzərdən keçirmək lazımdır.
Beləliklə, bəndin birinci hissəsində söhbət ondan gedir ki, “Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz (!) və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi (!) ucbatından pozulmuşdur…” və ilaxır, ayırıcı nöqtəli vergülə qədər.
Bəli, gördüyümüz kimi burada Ermənistanın adı çəkilmir, lakin, necə deyərlər, iblis təfərrüatda gizlənir. Ayırıcı nöqtəli vergüldən sonra, yəni preambulun bu bəndinin ikinci hissəsində yazılanlar hər şeyi aydınlaşdırır və Ermənistana biabırçı təcavüzkar statusu verir. İkinci hissədə isə üçüncü ölkənin adı çəkilir, lakin bu, çox eleqant və incə şəkildə edilir, faktiki olaraq eyhamla bildirilir ki, birinci hissədə adıçəkilən həmin ölkə ilə yanaşı, həm də Ermənistandan söhbət gedir: “bu münaqişələrin əksəriyyətində (!)” Avropa parlamentarilərinin fikrincə, üçüncü ölkə “neqativ rol” oynayır. Həmin üçüncü ölkənin adını burada təkrarlamayacağıq, xüsusən ona görə ki, arzu edənlər qətnamənin mətnindən bunu özləri üçün aydınlaşdıra bilərlər. Bizim üçün isə vacib olan odur ki, preambulun bu bəndinin ikinci hissəsində “bütün bu münaqişələr” barədə deyil, “bu münaqişələrin əksəriyyəti (!)” barədə söhbət gedir. Təfərrüatda gizlənən “iblis” budur. Yəni əgər “bu münaqişələrin əksəriyyətində” həmin üçüncü ölkənin əli varsa, azlıqda qalmış münaqişədə əli olan Ermənistan deyilsə, hansı ölkədir? Əgər sənədin bu bəndinin birinci hissəsində qeyd edildiyi kimi, BÜTÜN bu münaqişələrdə, “xarici təcavüz” və “davam edən işğal” baş verirsə və “bu münaqişələrin əksəriyyətində” adıçəkilən üçüncü ölkənin əli varsa (belə çıxır ki, “münaqişələrin əksəriyyəti” dedikdə Ukrayna, Moldova və Gürcüstanda baş verən münaqişələr nəzərdə tutulur), onda azlıqda qalmış Ermənistan-Azərbaycan münaqişəsində xarici təcavüzkar və işğalçı rolunu adı çəkilməyən hansı “sirli” ölkə yerinə yetirir? Axı Azərbaycan özü özünə hücum etməyib və özü özünü işğal etməyib!
Bu yerdə uşaqlar üçün bir tapmaca yada düşür: “Ağacda iki quş oturmuşdu. Ovçu bu quşlardan birini vurdu. Ağacda neçə quş qaldı?”
Burada isə, əlbəttə, Ermənistan da var. Avropa Parlamenti çox incə formada, ad çəkmədən Ermənistanı xarici təcavüz törədən və xarici ölkənin ərazisini işğal edən ölkə hesab edib. Diplomatiya dilinin gözəlliyi də budur – ad çəkilmir, amma söhbət elə qurulur ki, istisna metodları müsahibi məhz sənin açıb demədiyin nəticəyə gətirib çıxarır, sən öz ismarıcını ünvan sahibinə tam həcmdə çatdırırsan.
Qətnamənin preambulunun bu bəndində daha bir maraqlı məqam var. Avropa Parlamenti xarici təcavüzün və işğalın neqativ nəticələri barədə söz açaraq, insan haqlarının pozulmasını qeyd edir. Bu, çox vacibdir. Burada erməni diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsini bir ölkənin digərinə qarşı təcavüzü sahəsindən …“insan haqları” sahəsinə keçirmək kimi gülünc cəhdləri yada düşür. Guya bu münaqişənin nizamlanmasında erməni əhalinin özünü ayrıca xalq elan etmək hüququnu əsas götürmək, Azərbaycan Konstitusiyasına məhəl qoymamaq, özbaşına referendumlar keçirmək, birtərəfli qaydada ayrılmaq və sair sərsəmliklər (insan haqları konsepsiyasının baniləri onların təliminin zorakı separatizmə şamil olunmasını eşitsəydilər, qəbirdə çevrilərdilər). Münaqişəyə “insan haqları” çaları verməyə cəhd edən təkcə bu gün özünü yeni “qərbpərəst” komandanın nümayəndəsi kimi qələmə verən Zoqrab Mnatsakanyan deyil, onun sələfi Edvard Nalbandyan da, məsələn, “Alman dalğası”nın müxbiri Janna Nemtsovaya müsahibəsində bu ruhda danışmağa çalışmışdı. Yeri gəlmişkən, müxbir nazirin Qarabağın erməni sakinlərinə insan haqları vermək və eyni zamanda, Azərbaycan icmasının həmin hüquqlarını tamamilə unutmaq cəhdi ilə əlaqədar səmimi heyrətləndiyini bildirmişdi.
İndi isə gördüyümüz kimi, Avropa parlamenti bu gün qəbul edilmiş qətnamədə irəvanlı “liberalların” insan haqları məsələsi ilə spekulyasiya etmək cəhdlərini faktiki olaraq rədd edib, eyhamla bildirib ki, təcavüz və işğal insan haqlarını, ilk növbədə, bu işğalın qurbanları olan qaçqınların və məcburi köçkünlərin hüquqlarını pozur.
Preambulun bir qısa bəndində ermənilərin mövqelərinə bu qədər zərbə vurulur!”
(b o) bəndində xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var. Bu bənd ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçıları olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana da aiddir. Heç bir istisna yoxdur, cənab təcavüzkarlar! İşğalı əbədiləşdirmək baş tutmayacaq, əraziləri azad etməli olacaqsınız!
Avropa Parlamentinin qətnaməsində daha bir yeni element ondan ibarətdir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının iştirakçıları olan ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” (b m bəndi) suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləyir. Erməni rəsmiləri öz xalqını hələ də belə bir tezislə aldatmaqda davam edir ki, guya dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin hələ Azərbaycan müstəqillik əldə edənə qədər onun tərkibindən guya “çıxmış” Dağlıq Qarabağa “aidiyyəti yoxdur” və beləliklə, “Arsaxın öz müqəddəratını təyin etməsi Azərbaycanın ərazi bütövlüyünü əsla pozmur, Azərbaycan müstəqillik əldə edəndən sonra guya Qarabağ heç vaxt onun ərazisinə daxil olmayıb. Avropa Parlamentinin qətnaməsində Avropa İttifaqının “ərazi bütövlüyü” anlayışının məhz nədən ibarət olması dəqiqləşdirilir, bu cür spekulyasiyalar rədd edilir və b u məsələyə qəti nöqtə qoyulur. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyərkən, məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni Dağlıq Qarabağ regionu ilə birlikdə ərazini nəzərdə tutur. Avropa Parlamentinin İrəvana ismarıcı məhz bu dərəcədə dəqiqdir və indi bu məqam qəbul edilmiş qətnamənin (b m) bəndində əks olunub.
Ən böyük sensasiya isə qətnamənin həmin bəndində təsbit olunmuş “[dövlətlərin] bu prinsiplərin təmin olunmasının [Avropa İttifaqı tərəfindən] bütövlüklə dəstəklənməsidir” (“support their efforts to fully enforce those principles”). Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu nəinki tanıyıb, həm də bu səyləri dəstəkləyib!
Yuxarıda adını çəkdiyimiz Helsinki Aktında güc tətbiq etməyin və güc tətbiq etməklə hədələməyin yolverilməzliyi prinsipi ilə spekulyasiya edən İrəvana bu da aydın siqnaldır. Axı, beynəlxalq hüquq münaqişələrin həlli zamanı güc tətbiq edilməsinə təcavüzkar üçün münasib olan müəyyən andan (erməni tərəfin interpretasiyasında 1994-cü ildə atəşkəs haqqında sazişin imzalandığı andan) etibarən deyil, prinsipcə, yolverilməz sayır. Ermənistan-Azərbaycan münaqişəsində indiki status-kvonun qəbul edilməsindən dünya birliyinin, o cümlədən Avropa İttifaqının və ATƏT-in Minsk qrupunun imtina etməsi təbiidir, çünki status-kvo lap əvvəldən qeyri-qanuni güc tətbiq edilməsinin nəticəsi olub. Buna görə də güc tətbiq etməyin və güc tətbiq etməklə hədələməyin yolverilməzliyi prinsipi 1994-cü ildə atəşkəs anından deyil, onun ilk dəfə tətbiq edilməsindən əvvəl qüvvəyə minir. İlkin status-kvo məhz odur!
Beləliklə, təcavüz və işğalların qurbanları olan ölkələrin öz ərazi bütövlüyünün güclə təmin edilməsinə (enforce) səylərinin Avropa İttifaqı tərəfindən qətnamədə ifadə olunmuş dəstəklənməsi İrəvana daha bir ismarıcdır – güc tətbiq edilməsi 1994-cü ildən deyil, Ermənistan-Azərbaycan dövlət sərhədinin hər hansı silah növü ilə ilk dəfə icazəsiz keçildiyi andan qeyri-qanunidir. Qətnamənin (b o) bəndində tələb edilir ki, əgər könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güclə təmin etmək hüququ var!
Bu isə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş sənədləri kitabxanasında həqiqətən inqilabi yenilikdir. Bu yeniliyə zərurət Ermənistanın inadkarcasına bunu anlamaq istəməməsi nəticəsində yaranıb ki, beynəlxalq birlik tərəfindən qəbul edilmiş bütün əvvəlki qətnamələr sadəcə kağız parçası deyil, onları yerinə yetirmək lazım idi və bunu təcavüz qurbanlarının işğal olunmuş torpaqlarının məcburi şəkildə azad edilməsi və qəbul edilmiş sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpa olunması hüququnun sənədli şəkildə təsdiqlənməsini gözləmədən könüllü şəkildə etmək lazım idi (və hələ bunu etmək gec deyil)!
Avropa Parlamentinin bugünkü qətnaməsi “Şərq Tərəfdaşlığı”nın iştirakçıları olan ölkələrdə onilliklər boyu uzanan münaqişələrə barəsində Avropa İttifaqının birgə mövqeyinin ifadəsi oldu. Bu qətnamə Aİ-nin və proqramın iştirakçısı olan altı ölkənin dünən keçirilmiş birgə onlayn-sammitinin siyasi ahəngini müəyyən edib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi həmin sammitdə Avropa Parlamenti qəti həlli tələb olunan Ermənistan-Azərbaycan münaqişəsində dövlətimizin ədalətli mövqeyini tam dəstəklədi. Bu dəstək həm də Avropa İttifaqı Şurasının keçmiş prezidenti, Avropa Xalq Partiyasının sədri Donald Tuskun sammit başlanandan bir neçə saat əvvəl yayılmış parlaq bəyanatında da ifadə olunub. AZƏRTAC bu haqda dərhal məlumat verib. Bu gün Avropa İttifaqının bütün guşələrindən seçilmiş nümayəndələr ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək Prezident İlham Əliyevin tarixi “Qarabağ – Azərbaycandır! Nida işarəsi!” frazasını təkrarlayıblar.