ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
DiasporPress.az-ın məlumatına görə, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması qeyd olunur.
Mer Bouzer bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən sonra yenidən – 1991-ci ildə müstəqilliyini bərpa etdiyini yazıb.
O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qoruyub və möhkəmləndirib. Mer həmçinin vurğulayıb ki, Azərbaycan suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.
Mer Bouzer bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.
Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar bəyannamə mer ofisi tərəfindən Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.